Layihələr

ISO 22000:2018 BEYNƏLXALQ STANDARTININ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ EDİLMƏSİ LAYİHƏSİ

Bu gün Azərbaycanın qarşısında duran ən vacib vəzifələrdən biri də əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatıdır. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi, daim diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir.

Ölkə iqtisadiyyatının davamlı inkişaf prinsipləri əsasında şaxələndirilməsi və inklüzivliyinin təmin edilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən, risklərin təhlili yanaşmasına əsaslanan təkmil qida təhlükəsizliyi sisteminin formalaşdırılmasını nəzərdə tutan konkret prioritetlər və tədbirlər müəyyənləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 5.5-ci bəndinin icrası məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı”) hazırlanıb.

Dövlət Proqramda:

  • qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması;
  • əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılması;
  • qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görməklə, onların rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması;
  • kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması;
  • qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi;
  • qida təhlükəsizliyinin təmin olunması üçün ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi;
  • qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkədə heyvan və bitkisağlamlığının təmin edilməsi; ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ hüquqi aktların və maddi-texniki bazanın təkmilləşdirilməsinə, nəzərəçarpan nailiyyətlər əldə olunmasına geniş imkanlar yaradıb.

Dövlət Proqramından və Prezidentin sözügedən sərəncam və fərmanlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən ISO 22000:2018 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilib.

Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətli və rəqabətə davamlı olması sahəsində marifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə ISO 22000:2018 standartının təbliğinə kömək etməkdən, yerli müəssisələrimizdə bu standartın düzgün başa düşülməsi və tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.