“Veysəloğlu” Şirkətlər Qrupu ilə əməkdaşlıq görüşü keçirildi

Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti “Veysəloğlu” Şirkətlər Qrupunun baş ofisində Şirkətlər Qrupunun idarəedici heyəti ilə görüşüb.Görüşdə “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri tərəfindən şirkətin fəaliyyəti, görülən işlər, həyata keçirilən layihələr, innovativ yanaşmalar və davamlı inkişaf strategiyaları barədə iştirakçılara geniş məlumat verilib.

Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti də öz növbəsində Azərbaycanda keyfiyyət infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüs, proqram və layihələr, habelə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı görülən işlər barədə məlumatları iştirakçılarının diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, keyfiyyət və qida təhlükəsizli sahəsində təcrübə mübadiləsinin aparılması və gələcək birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, həmçinin “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində birgə seminar, təlim və elmi-praktik tədbirlərin təşkili və keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən aparıcı və çoxşaxəli biznes qurumlarından biridir. 1994-cü ildə “Veysəloğlu Distribusiya” adı ilə əsası qoyulan şirkət zamanla fəaliyyət sahələrini genişləndirərək hazırda pərakəndə satış, logistika, distribusiya və istehsalat sektorlarında öz uğurlu fəaliyyətini davam etdirir.

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupu özünün özünün 26000-dən artıq əməkdaşı ilə Azərbaycanın qeyri-neft sektorunda ən böyük işəgötürənlərdən və vergi ödəyicilərindən biridir. Şirkət “Fəhlədən İnkişaf” proqramı vasitəsilə əməkdaşlarının peşəkar inkişafına dəstək verir və müxtəlif sosial layihələrə, o cümlədən şəhid ailələri və Qarabağ qazilərinə yardım proqramlarına qatılır. Bununla yanaşı “Veysəloğlu” Şirkətlər Qrupu öz fəaliyyətində ekoloji məsuliyyət prinsiplərini rəhbər tutaraq, ətraf mühitə olan mənfi təsirlərin minimum səviyyəuyə endirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edir, xüsusilə karbon emissiyalarının azaldılması, yaşıl logistika, tullantıların azaldılması və təkrar emal və bununla bağlı ictimai maarifləndirmə tədbirlərinə də daim dəstək verir. Bu cür təşəbbüslər “Veysəloğlu” Şirkətlər Qrupunun dayanıqlı inkişaf sahəsində geniş və sistemli fəaliyyətlər həyata keçirən və ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verən bir qurum olduğunu göstərir.

Tərəfdaşlar