Metrologiya

Nizami Gəncəvinin yaradıcılığında metrologiya məsələləri

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsi mütaliəsi ilə orta əsr elmlərini mükəmməl öyrənmişdir. Əsərlərinə nəzər saldıqda onun metrologiya elmini də yaxşı bildiyi aşkar olur.

Metrologiya yunan sözü olub “metron” və “loqos” sözlərinin birləşməsindən əmələ gəlib ölçü haqqında elm deməkdir. İnsanlar şüurlü fəaliyyətə başladığı vaxtdan ölçmədən bu və ya digər şəkildə istifadə etmişlər. Şair ölçməyə çox böyük diqqət vermiş və bütün müvəffəqiyyətlərin əsasını onda görmüşdür. Bu haqda “İsgəndərnamə”də oxuyuruq:

Ölçü-biçi bilsən hər bir işdə sən,
Böyük hesabları düz həll edərsən
.

Hələ o vaxtlar Nizami hökmdarların nöqsanlarının əsas səbəblərindən birini onların ölçü bilməzliyində görmüşdür.

Bütün bəxti dönmüş şahların, əlbət,
Ölçü bilməzlikdən olub bəxti bəd.

yaxud

Hökmdar ölçüylə bəxş edə gərək
Odu da, suyu da-güntək, buludtək.

Nizami Gəncəvi əsərlərində metrologiyanın başlıca sahələrindən olan ölçü vahidlərindən geniş istifadə etmişdir. Şair “İsgəndərnamə”də yazır:

Rusa iki ağac qaldığı zaman,
Atlardan yenərək tutdular məkan
.

Ağac uzunluğu ölçü vahidi kimi istifadəolunmuş (təqribən 7km-ə yaxındır). Yenə orada Nizami yazır:

Gürmüz yüz batmandır, səninki batman.

Burada istifadə olunan batman kütlə ölçü vahididir.Maraqlısı odur ki, Nizami Gəncəvi burada ölçü vahidlərinin misallarını göstərərkən onluq sistemindən istifadə etmişdir. 1961-ci ildə qəbul olunmuş və indi istifadə olunan beynəlxalq vahidlər sistemində də ölçü vahidlərinin misllərini bir-birindən fərqləndirmək üçün onluq sistemindən istifadə edilmişdir.

Metrologiyanın məşğul olduğu sahələrdən biri ölçü cihazlarıdır. Nizami Gəncəvi ictimai-fəlsəfi fikirlərinin ifadəsi üçün ölçü cihazlarından bir vasitə kimi məharətlə istifadə etmişdir:

Bu himmət tərəzim durmadan işlər
Şahlarda ağırı, yüngülü ölçər
.

Nizami kütlə ölçən tərəzi və mərkəz ölçən pərgar kimi cihazlardan elmi dəqiqliklə bəhs etmişdir.

Göyləri seyr üçün məclis düzəltdi,
Ulduz tərəzisi ortaya gəldi
.

və yaxud

Pərgar pərləritək mərkəzi ölçən

Müasir dövrdə qəbul olunmuş qanuna görə (DÜST 8.513-84) bütün ölçü cihazları vaxtaşırı yoxlamadan keçməlidir-inanılmalıdır. Bu iş Dövlət Standartlar Komitəsinə və müəssisələrin metroloji xidmətinə həvalə edilmişdir.

Belə vaxtaşırı yoxlamanın vacibliyi haqqında hələ o vaxt Nizami Gəncəvi yazırdı:

Hər zaman qolunun gücünü yoxla
Tərəzi gözünü bərabər saxla.

Cihazları xarakterizə edən metroloji göstəricilərdən biri ölçü həddidir. Eyni bir cihaz müxtəlif ölçü hədlərindən hazırlana bilər və bu, həddən çox olan miqdarı ölçə bilməz. Nizami bu vacib şərti bədii şəkildə belə ifadə edir:

Tutmaz bir tərəzi iki batmanı

Deməli bu tərəzinin ölçü həddi iki batmandan azdır. Görünür o vaxt ölçü həddi iki batmandan çox olan tərəzi də var imiş. Belə deməkdə biz ona əsaslanırıq ki, Nizami öz əsərlərində ulduz tərəzilərindən istifadə olunmasından da danışır (“İsgəndərnamə”). Yəqin ki, Nizamiyə ulduzlarının kütləsinin ölçmə üsulu məlum imiş. Müasir metrologiyanın ən mühüm sahələrindən biri ölçmə üsulları ilə məşğul olur. Eyni bir kəmiyyəti ölçmək üçün müxtəlif üsullar yaradılır.

Nizaminin əsərlərində də müxtəlif ölçü üsulları haqqında söhbət gedir.

Uzun iplər ilə ölçüldü çöllər,
Hesaba alındı bütün mənzillər.

Deməli, hələ o vaxtlar yerölçən, yerölçən katib vəzifələri mövcüd imiş. İndi cihazların metroloji xüsusiyyətlərini xarakterizə edən göstəricilərdən biri kimi cihazların həssaslığından istifadə olunur. Dövlət Ümumittifaq Standartında (DÜST 16263-70) həssaslıq belə ifadə olunub:

Həssaslıq-çıxış siqnalını dəyişdirmək üçün ölçülən kəmiyyətin dəyişməsinin qiymətidir.

Nizami Gəncəviyə isə belə bir göstərici hələ o vaxt məlum idi. Bunu aşağıdakı misallarda təsdiq edə bilər:

Bu yerin çox incə tərəzisi var,
Bircə arpa onu əyərək pozar
.

Deməli, bu incə, həssas tərəzinin müasir dillə desək, həssaslığı bir arpa ağırlığında imiş.

Lakin təəssüf ki, indiyədək Nizamiyə dair elmi ədəbiyyatda bu məsələyə demək olar ki, toxunulmayıb.

Gələcəkdə Nizami Gəncəvinin elmi görüşlərindən bəhs edilən tədqiqatlarda onun metrologiyaya dair fikilərinin də öyrənilib əks olunması müasir oxucuların dahi şair və mütəfəkkirin elmi maraq dairəsinin vüsəti barədə təsəvvürlərini daha da genişləndirər və dolğunlaşdırardı.

Müəllif: Elçin Novruz

İstifadə edilmiş ədəbiyyat

1.Nizami Gəncəvi.
İskəndərnamə.İqbalnamə
Bakı, "Lider nəşriyyat", 2004, 256 səh

2. Azərbaycan Sovet Ensiklopediyası. VI cild. B, 1982
Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. B, 1984

Tərəfdaşlar