Keyfiyyət tv

"HALAL standartlar və HALALLIĞI təminetmə sistemi" mövzusunda təlim keçirilib

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Ləzzət Broyler” markası ilə məşhur olan “Ləzzət Broyler” MMC-də “ HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” mövzusunda onlayn təlim keçirilib.

Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlunun apardığı təlimdə müəssisənin müxtəlif struktur bölmələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Təlim zamanı halal - haram məsələləri, halal qida, halal standartların tətbiqi, xammalın qəbulu, halal standartların tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə, halal sertifikatlaşdırma prosesi və onun mərhələləri, toyuq əti istehsalında halallığı təminetmə, heyvan və ev quşları üçün kəsim qabağı şərtlər, kəsimin şərtləri, elektriklə keyləşdirmə, mexaniki və pnevmatik keyləşdirmə kimi mövzulara toxunulub, həmçinin iştirakçılara halal standartların tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Qeyd edək ki, “Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Müasir avadanlıqlarla təmin olunmuş müəssisədə “Ləzzət Broyler” markası altında mövcud bazar təlabatına uyğun olaraq toyuq əti tabaqda, toyuq əti poşetdə, sinə sümüklü, sinə sümüksüz, qanad, bütün bud sümüklü, bütün bud sümüksüz, bel tirəsi, kürək əti, doğranmış sinə əti, sinə əti şişdə, şorbalıq, mədəcik, ciyər ürək və qarışıq içalat kimi məhsullar istehsal edilir. Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət edilir

Davamlı olaraq yeni texnologiyaları təbiq edən“Ləzzət Broyler” MMC hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.