KEYFİYYƏT TV

ISO 22000:2018 standartının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı” na dəstək layihəsi çərçivəsində ISO 22000:2018 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilərək hazırlanıb.

Bununla əlaqədar olaraq 8 fevral 2020-ci il tarixində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Landmark Hoteldə ISO 22000:2018 standartının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə “Azərsun Holdinq” MMC, “SƏBA” ASC, “TAİS İKF” MMC, “Siyəzən Broyler” ASC, AzRose MMC, Avrora Qrup, AZ-PACK, “Delta Qrup C.O.” MMC, “Dad Catering” MMC, “Giləzi Quşçuluq” MMC, “ZƏHMƏT-RUZİ” MMC, “Veysəloğlu”, “AZGRANATA” MMC, “Aqrovest” MMC, “Ovçular” MMC, “A+ Co” MMC, “Mineral Sular” MMC, “Aqrar Tədarük və Təchizat” ASC, Melea Farming, “RUSEL CATERİNG” MMC, M&T ltd, “ADMEDİA MMC”, Bon Appetit, “Avromak” MMC, Bio – Dad, “Azər – Maya” ASC, Avandsis Group şirkətlərinin əməkdaşları, həmçinin UNEC, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin və ABAD-ın nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu açıb və tədbirin məqsədi, sözügedən standartın Azərbaycan dilinə tərcümə edilərək hazırlanması prosesi, o cümlədən işçi qrupu barədə iştirakçılara geniş məlumat verib və layihənin sporsonları “Səba” ASC və “İNCERT” MMC-yə təşəkkür edib.

Daha sonra standartın tərcüməsinin hazırlanmasına sponsorluq etmiş “Səba” ASC-nin nümayəndəsi Yusif Həkimov çıxış edib. İşçi qrupunun aktiv üzvlərindən biri kimi o, ISO 22000-nin Azərbaycan dilinə tərcümə olunmasının qida müəssisələri və mütəxəssislər üçün əhəmiyyətindən danışıb və Səba şirkətinin qida təhlükəsizliyi sahəsində maarifləndirmə məqsədi daşıyan layihələri daim dəstəklədiyini qeyd edib.

Tədbirdə Keyfiyyət Assosiasiyasının “Qida Təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupunun rəhbəri Şamo Muradov ISO 22000:2018 standartı ilə bağlı maraqlı, eyni zamanda qida təhlükəsizliyinin vacib aspektlərini əks etdirən təqdimatla çıxış edib. Sözügüdən təqdimat zamanı iştirakçılara ISO 22000 standartının hazırki versiyası ilə əvvəlki versiyası arasındakı fərqlər, standartın tələbləri, digər standartlarla inteqrasiya imkanları izah olunub və dəyişikliklər, eləcə də ISO 22000-nin tətbiqinin faydaları barədə ətraflı məlumat verilib.

Daha sonra qida təhlükəsizliyinin aktual məsələləri ətrafında müzakirə aparılıb və mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda hər bir iştirakçıya ISO 22000:2018 beynəlxalq standartının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi paylanıb.

Qeyd edək ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi beynəlxalq standartların Azərbaycan dilinə tərcümə olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bundan bir müddət əvvəl Assosiasiya tərəfindən müəssisələrdə keyfiyyəti idarəetmə və ətraf mühiti idarəetmə sistemlərinin tətbiqinə dəstək vermək məqsədilə ISO 9001:2015, ISO 14001:2015 beynəlxalq standartları tərcümə olunmuşdu. 2020-ci ildə isə ISO 45001, HACCP və GLOBAL GAP kimi daha üç beynəlxalq standartın tərcüməsi və bu standartların tətbiqi üzrə marifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.