Kodeks Alimentarius Milli Komissiyası yeni tərkibdə elektron qaydada növbəti iclasını keçirdi. İclasda təşkilatımızın idarə heyətinin sədri Samir Novruzlu təmsil etdi.
İclas xüsusi təyinatlı qida məhsulları ilə bağlı bir sıra sənədlər müzakirə edildi. Bildiyiniz kimi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin (əlavə olunur) 12-ci maddəsinə əsasən xüsusi təyinatlı qida məhsullarına uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları, gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən pəhriz qida məhsulları və insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədi ilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları aid edilir. Sözügedən Qanun layihəsindən irəli gələn tələblərə əsasən xüsusi təyinatlı qida məhsullarına dair yeni texniki normativ hüquqi akt layihələri hazırlanmışdır.
İclasda aşağıdakı sənədlər müzakirə edilmişdir:
- “Xüsusi təyinatlı qida məhsullarına dair sanitariya norma və qaydaları”,
- “Pəhriz qida məhsullarına dair sanitariya normaları və qaydaları”,
- “Gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən qida məhsullarına dair sanitariya normaları və qaydaları”,
- “Körpə və erkənyaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları” və
- “Körpə və erkənyaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları”