Keyfiyyət tv

Pandemiya dövründəki fəaliyyətimizin məhsulu olan sənəd artıq nəşr olundu

Müasir dövrdə İşçilərin təhlükəsiz və sağlam əmək şəraiti təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə dünya ictimaiyyətinin diqqətinin cəlb olunması və istehsalatla əlaqəli bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, eləcə də işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına kömək etmək məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri - Tələblər və tətbiq üzrə rəhbərlik” adlı standart işlənib hazırlanıb.

ISO 45001 əvvəlki OHSAS 18001 standartının bazası əsasında hazırlanlansa da, onun işlənilməsi zamanı Beynəlxalq Əmək Təşkilatının standartlarının və müxtəlif milli standartların tələbləri nəzərə alınıb. COVID-19 pandemiyası dövründə işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması, eləcə də pandemiyanın bütün dünyada yaratdığı iqtisadi tənəzzül fonunda əməliyyat effektivliyinin daha da artırılması kimi çağırışlar təşkilatlarda bu standartın tətbiqinin zəruriliyini daha da aktuallaşdırıb. Məhz bunu nəzərə alaraq , eyni zamanda COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi tərəfindən ISO 45001:2018 beynəlxalq standartı azərbaycan dilinə tərcümə edilərək hazırlanıb. Standartın hazırlanmasında əsas məqsəd Azərbaycanda peşə sağlamlığı və təhlükəsizliyi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə köməklik göstərməkdən ibarətdir.

Keyfiyyət Assosiasiyası olaraq, biz standartın hazırlanmasında iştirak edən Assosiasiyanın "Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupuna, habelə bu sənədin ərsəyə gəlməsində maliyyə və texniki dəstək göstərən şirkətlərə öz dərin təşəkkürümüzü bildiririk.

ISO 45001:2018 beynəlxalq standartının tərcüməsini əldə etmək istəyən şəxslər təşkilatımıza müraciət edə bilərlər.