KEYFİYYƏT TV

  • Assosiasiya
  • Keyfiyyət TV
  • Ana səhifə
  • “Qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqinə dəstək: ISO 22000:2018” mövzusunda tədbir keçiriləcək

“Qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqinə dəstək: ISO 22000:2018” mövzusunda tədbir keçiriləcək

Son illərdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 - 2025-ci illər üçün Dövlət Proqramı”nda əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi, kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsinə, ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, eyni zamanda yerli müəssisələrimizin ixrac potensialının artırılmasına dəstək vermək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yeni layihəyə başlamış və bu layihə çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi üzrə ən çox tətbiq olunan ISO 22000:2018 beynəlxalq standartı Assosiasiyanın aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək hazırlanmışdır.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi yuxarıda qeyd olunan standartın yerli qida müəssisələrimiz, kiçik və orta sahibkalıq subyektlərimiz üçün əhəmiyyətini nəzərə alaraq 8 fevral 2020-ci il tarixində saat 10:00-da Landmark hoteldə “Qida təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq standartların tətbiqinə dəstək: ISO 22000:2018” mövzusunda tədbir keçirəcək.

Tədbirdə dövlət və özəl qurumların rəhbər və əməkdaşlarının, iş adamlarının, mütəxəssislərin, təhsil və elmi ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tədbir zamanı ISO 22000 standartının təqdimatı keçiriləcək, həmçinin standartın hazırki versiyası ilə əvvəlki, 2005-ci il versiyası arasındakı fərqlər haqqında danışılacaq və dəyişikliklər barədə məlumat veriləcək.

Sonda ölkəmizdə qida təhlükəsizliyinin vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, hər bir tədbir iştirakçısına ISO 22000:2018 beynəlxalq standartının Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi paylanılacaq.