Keyfiyyət Assosiasiyası İctimai Birliyi Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbirdə iştirak edib.

11 oktyabr 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu Almaniyanın Fiziki-Texniki Federal İnstitutu ilə birgə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin, dövlət qurumlarının və özəl sektorun nümayəndələrinın, biznes assosiasiyalarının, uyğunluğu qiymətləndirmə qurumlarının və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edib.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Zübeyde Oyan məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən standartların əhəmiyyəti, keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində standartların rolu, yeni standartların hazırlanması və tətbiqi istiqamətində görülən tədbirlər və sairə məsələlər barədə danışıblar.

Tədbirdə həmçinin “Qiymətli metallar və qiymətli daşlar”, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartları üzrə texniki komitələrin fəaliyyətinin təşkili, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsalın effektivliyinin artırılması və istehlakçı məmnuniyyətinin təmin olunmasında standartların yeri və rolu ilə bağlı üzrə maraqlı çıxışlar edilib.

Tədbirin maraqlı məqamlarından biri də Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən iştirakçılara ümumdünya standartlaşdırma günü munasibəti ilə “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabı hədiyyə edilməsi oldu.

Assosiasiyanın mütəxəssisləri tərəfindən hazırlanmış bu kitab iştirakçılar tərəfindən maraqla qarşılandı və onlar bu gözəl təşəbbüsə görə Assosiasiyanın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində əməyi olan hərkəsə təşəkkürlərini bildirdilər.

Tərəfdaşlar