Keyfiyyət tv

Üzvlərimiz ISO 9001:2015 beynəlxalq standartında qeyd edilən riskləri müzakirə etdi

Hər bir müəssisə üçün risk və imkanların müəyyən edilməsi və nəzərə alınması, keyfiyyəti idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrə nail olunması və mənfi təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Müəssisənin fəaliyyətində risklərin effektiv idarə etmə sisteminin yaradılması həmin müəssisənin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə yanaşı, onun fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edəcək əsas amillərdən biridir.

Əslində risklərin idarə edilməsi - yaradıcı prosesdir və o, risklərin proq­noz­laş­dı­rıl­ma­sı, risk­lərin azaldılması və qarşısının alınması, baş vermiş riskin nəticələrinin aradan qaldırılması kimi fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Bu məsələnin müəssisə, sahibkar və mütəxəssislər ücün əhəmiyyətini nəzərə alaraq Keyfiyyət Assosiasiyası tərəfindən ISO 9001:2015 beynəlxalq standartı əsasında risk və imkanlar və onların müəssisənin idarəetmə sisteminə mümkün təsirləri ilə bağlı müzakirə keçirilib. Müzakirədə ölkəmizin ayrı-ayrı sektorlarının təmsil edən mütəxəssis və ekspertlər iştirak ediblər.

Müzakirə zamanı iştirakçılara, standartın 4.1 Təşkilatın konteksti və onun başa düşülməsi, 4.2 Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi, 5.1.2 Müştəri yönümlülük və 6.1 Risk və imkanların müəyyən edilməsi maddələrinin risklərə dair tələbləri, həmçinin risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodları ilə bağlı geniş məlumat verilib və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Onu da qeyd edək ki, müzakirə çox maraqlı keçib. İştirakçılar öz müəssisələrinin təcrübəsindən çıxış edərək, üzləşdikləri spesifik risklərdən və onların idarə olunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıblar və risklərin təhlili və qiymətləndirilməsinə dair bir sıra maraqlı fikirlər səsləndiriblər.

Sonda iştirakçılar Assosiasiyanın təşkil etdiyi bu müzakirələrin müəssisə və mütəxəssislər üçün əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin dəyirmi masa və praktiki “workshop” şəklində davam etdirilməsinin zəruriliyini qeyd ediblər.