Xəbərlər

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Qida təhlükəsizliyi dedikdə təyinatı üzrə hazırlanmış və qida kimi istifadə edilmiş yeyinti məhsullarının istehlakçıya zərər yetirməməsi başa düşülür. Əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi həmçinin insan və heyvan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində önəmli rol oynayır.

Qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəsl yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amil olaraq hər bir dövlətin diqqət mərkəzindədir və o, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi ilə bağlıən önəmli tədbirlər sırasına daxil edilib. Ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, qida məhsullarının təhlükəsizliyinin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına təsiri nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatnın 20 dekabr 2018-ci il tarixli qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü olaraq təsis edilib.

Ümumdünya Qida Təhlükəsizliyi Günü Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. 2019-cu il aprelin 29-da isə ölkə başçısının müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.