Xəbərlər

Xəbərlər

Akkreditasiya (lat. Akkredo, “etibar etmək”) - obyektin müəyyən edilmiş meyar və göstəricilərə (standarta) uyğunluğunun rəsmi təsdiqlənməsi prosedurudur. Akkreditasiya eyni zamanda uyğunluğun qiymətləndirilməsi nəticələrinin yerli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib bir mexanizmdir.

Dünya ölkələri və beynəlxalq təşkilatlar hər ilin 9 iyun tarixini (2008-ci ildən etibarən) Dünya Akkreditasiya Günü kimi qeyd edirlər. Hələ 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində ILAC və IAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin iyunun 9-da Dünya Akkreditasiya Günü kimi qeyd olunması qərara alınmışdı. Burada əsas məqsəd akkreditasiyanın vacibliyini və bu fəaliyyətlə məşğul olan işçilərin məsuliyyətini ictimayyətə çatdırmaq idi.

Onu da qeyd eymək lazımdır ki, akkreditasiya daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində mühüm rol oynayır.

Respublikamızda akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya prosedurlarını və akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını təmin etmək məqsədi ilə 30 may 2014-cü ildə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Bu qanun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqının tələbləri əsasında təkmilləşdirilmiş və beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılmışdır.

Görülən işlərin davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi, qurumların akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edilmişdir.