Xəbərlər

“Biznes assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi” forumu keçirilib

Məlum olduğu kimi, hər il dünya üzrə noyabr ayının üçüncü həftəsi Qlobal Sahibkarlıq Həftəsi kimi qeyd olunur. Dünyanın hər yerində sahibkarlar qazandıqları uğurlar və müvəffəqiyyətlər, çətinliklər haqqında danışmaq, cəmiyyət və müxtəlif ölkələrin hökumətləri tərəfindən dinlənilmək və dəstəklənmək, sahibkarlığın inkişafının vacibliyini elan etmək üçün bir imkan əldə edirlər. Bu, həm də sahibkarlara startapların açılmasına dəstək vermək, gənclərə biznes ideyalarını tanıtmaq və həyata keçirmək, dünya iş təcrübələrini birləşdirmək məqsədi daşıyır.

Yuxarıda qeyd olunan məsələlərin sahibkarlığın və biznesin inkişafı üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində 17 noyabr 2020-ci il tarixində “Biznes Assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda forum təşkil olunub. Tədbirdə Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu iştirak edib.

ZOOM platforması üzərindən onlayn formatda keçən tədbirdə “Uğurlu assosiasiya inkişafı üçün istifadə olunacaq instrumentlər”, “Uğurlu Biznes Assosiasiyaların ölçü meyarları”, “Dövlət Özəl Dialoqu” kimi mövzular müzakirə olunub.