Xəbərlər

Xəbərlər

Yaşadığımız əsrin ən qlobal problemlərindən biri, bəlkə də elə birincisi ekoloji təhlükəsizliklə bağlıdır. Antropogen fəaliyyətlərin nəticəsində havaya, suya atılan tonlarla tullantı, mövcu resurslardan qeyri-səmərəli istifadə, gündən-günə çoxalan planet əhalisi ekoloji təhlükəsizlik məsələsinin gündəmə gətirmişdir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi vacibdir.

Dünyanın bir parçası olan ölkəmizdə də bu istiqamətdə işlərin görülməsi prioritetə çevrilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında aqrar sahənin inkişafı əsas məqsədlərdən biri kimi qarşıya qoyulduğundan yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının gücləndirilməsi məqsədilə vəzifələr, yeni iş yerlərinin yaradılması və idxaldan asılılığın azaldılması üçün meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi və bununla bağlı müvafiq işlərin görülməsi nəzərdə tululub.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında göstərilən vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən ISO 14001:2015 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilib.

Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd yerli müəssisələrimiz və mütəxəssislərimiz tərəfindən ISO 14001:2015-in tələblərinin düzgün başa düşülməsinə kömək etməkdən, eyni zamanda ətraf mühiti idarəetmə sisteminin tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.