Xəbərlər

Keyfiyyət Assosiasiyası Azərbaycanın nəhəng şirkəti ilə əməkdaşlığa başladı

Qida sektorunda ölkəmizin ən aparıcı şirkətlərindən biri olan “Avrora Qrup” mövcud idarəetmə sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi çərçivəsində tərəfdaş olaraq Keyfiyyət Assosiasiyasını seçmişdir. Bununla əlaqədar olaraq “Avrora Qrup” da beynəlxalq standartların tətbiqi layihəsi üzrə işlərə start verilmiş və ilkin qiymətləndirmənin aparılması üçün tərəflər arasında görüş keçirilmişdir.

Xatırladaq ki, “Avrora Qrup” bu gün qida sektorunda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir. Hal-hazırda şirkətin Bakı ilə yanaşı Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup” 12000-dən çox ticarət nöqtəsində 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

2001-ci ilə etibarən “Avrora Qrup” şirkəti fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksit fabriki, Un istehsalı fabriki mövcuddur. Hazırda qeyd olunan fabriklərdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər yerli brendlər istehsal olunur.