Xəbərlər

“Siyəzən Broyler” ASC-də Halal mövzusunda təlim keçirilib

“Keyfiyyət Assosiasiyası ”İctimai Birliyi tərəfindən “Siyəzən Broyler” ASC -də “ HALAL standartlar və HALALLIĞI təminetmə sistemi” və "Halal Kəsim" mövzusunda təlim keçirilib. Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlunun apardığı təlimdə müəssisənin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı halal - haram məsələləri, halal qida, qlobal halal standartları arasındakı fərqlər, halal standartların tətbiqi, xammalın qəbulu, halal standartların tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə, halal sertifikatlaşdırma prosesi və onun mərhələləri, toyuq əti istehsalında halallığı təminetmə, heyvan və ev quşları üçün kəsim qabağı şərtlər, halal kəsim, halal kəsim ilə bağlı tələblər, halal kəsimin əhəmiyyəti, halal kəsimi yerinə yetirən şəxslərə, kəsmə alətlərinə qoyulan tələblər, kəsimin şərtləri, elektriklə keyləşdirmə, mexaniki və pnevmatik keyləşdirmə kimi mövzulara toxunulub, həmçinin iştirakçılara halal standartların tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan “Siyəzən Broyler” fabriki öz fəaliyyətini beynəlxalq standartların tələblərinə, bütün sanitar, baytar və gigiyenik normalara uyğun olaraq həyata keçirir. Müəssisədə məhsulların istehsalı, qablaşdırılması zamanı yeni, müasir texnologiyalardan istifadə olunur ki, bu da əhalini yüksək keyfiyyətli toyuq əti məhsulları ilə təmin etməyə imkan verir.