Bitmiş layihələr

ISO 14001:2015 beynəlxalq standartının
azərbaycan dilinə tərcümə edilməsi Layihəsi

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında aqrar sahənin inkişafı əsas məqsədlərdən biri kimi qarşıya qoyulduğundan yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının gücləndirilməsi məqsədilə vəzifələr, yeni iş yerlərinin yaradılması və idxaldan asılılığın azaldılması üçün meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi və bununla bağlı müvafiq işlərin görülməsi nəzərdə tululub.

Ekoloji təhlükəsizliyin təmin olunması Azərbaycan dövlətinin və müvafiq strukturların qarşısında bir çox cari və strateji vəzifələrin həlli məsələsini qoyub ki, bunlara da aşağıdakılar daxildir:

  • təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;
  • ekoloji təhlükəsizliklə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək;
  • ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;
  • ekoloji təhlükəsizliklə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s.

Azərbaycanın davamlı iqtisadi inkişafı ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasına, əhalinin sağlamlığının təmin edilməsinə, ardıcıl və səmərəli ekoloji təhlükəsizlik siyasətinin yürüdülməsinə və s. vacib həyati məsələlərin həllinə öz müsbət təsirini göstərməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında göstərilən vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2016-cı ildə yeni layihəyə başlamış və bu layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən ISO 14001:2015 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilib.

Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətli və rəqabətə davamlı olması sahəsində marifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə ISO 14001:2015 standartının təbliğinə kömək etməkdən, yerli müəssisələrimizdə bu standartın düzgün başa düşülməsi və tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.

Tərəfdaşlar