ISO 45001:2018 BEYNƏLXALQ STANDARTININ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ EDİLMƏSİ LAYİHƏSİ
Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyamızın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyasının) ümdə prinsipləri ölkəmizin Əmək Məcəlləsində öz əksini tapıb.
Bu gün Azərbaycan da məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi ölkəmizdə işçilərə sağlam və normal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində fəal dövlət siyasəti həyata keçirilir.
Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, əməyin mühafizəsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər və bununla bağlı olaraq vəzifələr müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında göstərilən vəzifələrin həyata keçirilməsinə kömək etmək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2019-cı ildə yeni layihəyə başlanıb və bu layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən ISO 45001:2018 beynəlxalq standartı Azərbaycan dilinə tərcümə edilib.
Standartın Azərbaycan dilinə tərcümə olunmasında əsas məqsəd ölkəmizdə məhsul və xidmətlərin keyfiyyətli və rəqabətə davamlı olması sahəsində marifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə ISO 45001:2018 standartının təbliğinə kömək etməkdən, yerli müəssisələrimizdə bu standartın düzgün başa düşülməsi və tətbiqi üzrə fəaliyyətləri dəstəkləməkdən ibarətdir.