Quality TV

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Ümumdünya Qida Təhlükəsizliyi Günü, hər kəsin təhlükəsiz, bəsləyici və yetərli qidaya sahib olma haqqına diqqəti çəkməklə, yediyimiz qidaların təhlükəsizliyini təmin etmək üçün səyləri gücləndirməyi hədəfləyir. Dünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2018-ci ilin dekabrında təsis edilib.

Son illər qida təhlükəsizliyi ilə bağlı diqqətəlayiq inkişaflara baxmayaraq, qidalanma xəstəliklərinin qlobal ölçüsü hələ də qəbuledilməzdir. Dünyada hər il on milyonlarla insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur.

Məhz buna görə də qidaların emalı, saxlanması, qida dəyərlərinin qorunması, qida tullantılarının minimuma endirilməsi, qida təhlükəsizliyinin təmin edilməsi və məhsuldan sonrakı itkilərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

FAO və Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin təhlükəsiz, qidalı və adekvat bəslənmə hüququna malik olduğunu və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan Aclığa son qoymaq məqsədi üçün təhlükəsiz qidaların vacib olduğunu düşünərək bu istiqamətdə geniş maarifçilik tədbirlərini həyata keçirir.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədilə 2019-cu ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı” və onun icrası üçün tədbirlər planı təsdiqlənib. Dövlət Proqramında qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması əsas məqsədlər kimi göstərilib.

Partners