Quality TV

AZS ISO 14001:2021(az) dövlət standartı təsdiq edilib

Ətraf mühiti idarəetmənin effektivliyinin artırılması və ətraf mühitə olan mənfi təsirlərin azıldılması və ona nəzarət imkanlarının gücləndirilməsi məqsədilə AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib. ISO 14001 beynəlxalq standartın son versiyasına əsaslanan bu standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb.

Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.

Yeni dövlət standartı təşkilatların ətraf mühitlə bağlı siyasət və məqsədlərin işlənib hazırlanmasına və tətbiqinə imkan verən ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edir.

Bu standartın tətbiqi təşkilatlara həm istehsal prosesi zamanı, həm də həyata keçirilən biznes-əməliyyatları nəticəsində yaranmış ekoloji problemləri aradan qaldırmağa imkan verəcək.

Qeyd edək ki, yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.

AZS ISO 14001:2021standartı istənilən tip, həcm və yetkinlik səviyyəsinə malik, iqtisadiyyatın bütün sahələrinə aid edilən təşkilatlarda tətbiq oluna bilər.