Keyfiyyət tv

20 may - Ümumdünya Metrologiya günüdür

Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və sairdə ölçmələrin dəqiqliyinin, vəhdətinin və doğruluğunun təmin edilməsini zəruri etmişdir. Dünyada ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi məsələlərini beynəlxalq səviyyədə daha da aktuallaşdırmışdır.

Məhz bu zərurəti nəzərə alaraq 1875-ci ilin 20 mayında 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələri Parisdə məşhur Metrik Konvensiyasını imzalamış və bununla da hər il bütün dünyada qeyd olunan Ümumdünya Metrologiya gününün əsasını qoymuşlar.

Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.

Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.

Onu da qeyd edək ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.

Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.

Partners