Xəbərlər

9 iyun – Ümumdünya Akkreditasiya günüdür

9 iyun - Ümumdünya Akkreditasiya Günüdür. Beynəlxalq Akkreditasiya Günü Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq (İLAC) təşkilatlarının adı ilə bağlıdır. 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində İLAC və İAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin iyunun 9-da Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınmışdır. Beynəlxalq Akkreditasiya gününün əsas məqsədi akkreditasiyanın vacibliyini və bu fəaliyyətlə məşğul olan işçilərin məsuliyyətini ictimayyətə çatdırmaq idi.

Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı siyasətin həyata keçirilməsi, məhsulların ixrac qabiliyyətinin genişləndirilməsi, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində keyfiyyət infrastrukturu sahələrindən biri kimi akkreditasiyanın rolu böyükdür. Akkreditasiyanın Azərbaycan üçün yeni təcrübə olmasına baxmayaraq, son illər bu sahənin inkişafında xeyli irəliləyişlərə nail olunub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi təsis edilib. Hal-hazırda Mərkəz ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.

Partners