Keyfiyyət tv

Bakıda Milli Metrologiya Forumu keçirilib

20 May 2024 -cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) təşkilatçılığı ilə Milli Metrologiya Forumu keçirilib.

Forumda dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar, elm və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər. Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor vəzifəsini icra edən Vazeh Əskərov çıxış ediblər.

Forumda ölkədə metroloji təminat üzrə mövcud vəziyyət, iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihaz və avadanlıqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.

Forum “Biznes üçün metroloji” təminat panel müzakirələri ilə davam etdirilib. “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlunun moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycan Metrologiya İnstitutu, Baş direktorun müşaviri, Azər Qurbanov, Azərbaycan Standartlaşdırma İnstitutu, Baş direktorun müavini – Standartlaşdırma Departamentinin Direktoru, Kəmalə Məmmədzadə və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktor müavini, Yavər Məmmədov çıxış ediblər. Suallar əsasında keçirilən panel müzakirələrdə keyfiyyət infrastrukturunda Metrologiya institutunun rolu, respulikamızda metroloji təminatın vəziyyəti, ölçmələrin izlənə bilən olması, metrologiya sahəsində standartlaşdırma işlərinin təşkili və hazırda mövcud olan standartlar, Azərbaycanda metrologiya sahəsində fəaliyyət göstərən uyğunluğu qiymətləndirmə qurumlarının akkreditasiyasının əhəmiyyəti, metrologiya sahəsində uyğunluğu qiymətləndirmə qurumu kimi fəaliyyəti göstərmək istəyən təşkilatlardan qeydiyyatı, müəssisədə metroloji təminat işinin təşkili, onun müəssisə üçün əhəmiyyəti və faydası, müəssisə kalibrləmə xidmətləri göstərən qurumdan xidmət alarkən diqqət edəcəyi məqamlar və sairə məsələlərə toxunulub.

Maraqlı keçən panel müzakirələrin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Partners