Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Halal Biznes və Turizm Forumunda iştirak edib

8-9 oktyabr 2024-cü il tarixlərində Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilib.

AZHAB Forumu İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Caspian Event Organisers” MMC, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə baş tutub.

Tədbirdə Dünyanın müxtəlif regionlarından, o cümlədən 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, SESRIC-in Baş direktoru Zehra Zümrüt Selçuk, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Qafqaz Müsəlmanları İdarəsi sədrin birinci müavini Hacı Salman Musayev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, SMIIC-in Baş katibi İhsan Övüt və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışçılar halal məhsul və xidmətlərin sertifikatlaşdırılması, bu sahədə standartlar, idxal-ixrac məsələləri, beynəlxalq bazarlarda rəqabət, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, investisiya imkanları və trendlər, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində “Qlobal halal sənayenin formalaşmasında KOB-ların rolu”, “Halal sənayesində davamlılıq: yaşıl yeni halaldırmı?”,“Regionun halal turizm potensialı”, “Halal standartlaşdırma: problemlər və çağırışlar”,“MDB regionunda halal ekosistemin inkişafında çətinliklər”, “İslam maliyyəsi və investisiya: regionda etik bankçılıq və maliyyə imkanları” mövzusunda panel müzakirələr keçirilib.

AZHAB Forumunda Samir Novruzlunun rəhbərliyi ilə Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti iştirak edib.

Onu da qeyd edək ki, 2007- ci ildən fəaliyyət göstərən Keyfiyyət Assosiasiyası İctimai Birliyi (KAİB) müxtəlif sektorları təmsil edən yerli müəssisə və təşkilatlara beynəlxalq idarəetmə, o cümlədən halal standartlar üzrə məsləhət, audit və təlim xidmətləri göstərir. Fəaliyyətdə olduğu müddət ərzində KAİB tərəfindən halal standartların tətbiqi ilə bağlı onlarla layihə və proqramlar həyata keçirilmişdir. Məhz KAİB-in dəstəyi ilə sertifikatlaşdırılan müəssisələr bu gün öz məhsullarını xarici ölkə bazarlarına çıxara bilirlər. Son illər halal istiqamətində fəaliyyətini xeyli genişləndirən KAİB “Halal” üzrə mövcud SMİİC, GSO-Körfəz ölkələri, Malaziya, İndoneziya, Singapur standartlarının tətbiqində, o cümlədən, halal kəsim əməliyyatları, qida məhsullarının islam qaydalarına uyğun hazırlanması, emalı, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, daşınması, paylanması, saxlanılması mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları barədə yerli müəssisələrimizə məsləhət, audit və təlim xidmətləri ilə dəstək vermiş və hazırda da halallıq sahəsində ixtisaslaşmış və geniş təcrübəyə malik mütəxəssis komandası ilə həmin fəaliyyətlərini uğurla davam etdirməkdədir.

Partners