MƏSLƏHƏT

ORQANİK

Orqanik kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə orqanik məhsulların istehsalı, emalına əsaslanan bir istehsal sistemidir.

Orqanik kənd təsərrüfatının əsas məqsədi istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması, kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin istifadəsindən imtina edilməsi, hər hansı çirkləndirici və potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi, torpağın təbii imkanları ilə orqanik kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin qorunması və artırılmasına nail olmaqdır.

Hazırda dünya üzrə orqanik kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı Federasiyasıdır (IFOAM).

Orqanik kənd təsərrüfatının əsas prinsipləri IFOAM-ın işləyib hazırladığı standartlarda ifadə olunur. Bu prinsiplərə aşağıdakılar daxildir.

  • lazımi miqdarda, yüksək keyfiyyətli ərzaq məhsulları istehsal etmək;
  • təbii sistemlərlə faydalı, üzvi və qarşılıqlı əlaqədə olmaq;
  • kənd təsərrüfatı praktikasında mikroorqanizmlər, torpaq, flora və faunanın, bitki və heyvanların qarşılıqlı əlaqələndirilməsi yolu ilə bioloji dövranı canlandırmaq və onu gücləndirmək;
  • torpaq münbitliyini uzun müddət qoruyub saxlamaq və artırmaq;
  • mümkün qədər yerli kənd təsərrüfatı sistemlərində bərpa olunan ehtiyatlardan istifadə etmək;
  • mümkün qədər qapalı sistemlərdə üzvi maddələrə və qida elementlərinə qayğı ilə yanaşmaq;
  • mümkün qədər elə maddə və materiallardan istifadə etmək lazımdır ki, onlar təsərrüfatın özündə və başqa yerlərdə yenidən istifadə və dövr oluna bilsin;
  • kənd təsərrüfatı fəaliyyəti nəticəsində çirklənməni minimuma endirmək;
  • kənd təsərrüfatı sisteminin və ətraf mühitin genetik rəngarəngliyini qorumaq;
  • kənd təsərrüfatı sisteminin geniş sosial və orqanik təsirini qəbul etmək və orqanik təfəkkürü inkişaf etdirmək.

Orqanik kənd təsərrüfatı təsərrüfatçılığın kompleks formasıdır: yüksək keyfiyyətli məhsullar istehsal etmək, təbii ehtiyatları, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaq deməkdir. Orqanik təsərrüfatçılığın əsas məqsədi Orqanik prinsip və proseslərdən ən yaxşı istifadəni təmin etməkdir.

Orqanik kənd təsərrüfatına dair tələblər

Orqanik təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:

  • orqanik kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;
  • orqanik kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında orqanik təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;
  • orqanik məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından orqanik torpaqlarda istifadə olunması;
  • orqanik təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməsi;
  • orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi;
  • orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunması;
  • orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin yerinə yetirilməsi;
  • orqanik kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin subyektlərin orqanik kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının təmin edilməsi;
  • kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda orqanik kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının orqanik kənd təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsinin dayandırılması.

Orqanik kənd təsərrüfatının əsas prinsipləri

1. Genetik cəhətdən dəyişikliyə uğramış toxumlardan istifadə etməmək;
2. Zərərli kimyəvi kübrələrdən istifadə etməmək;
3. Xəstəliklərə qarşı mübarizədə uzun müddət təsiri qalan, ətraf mühitə zərər verən və parçalanmayan kimyəvi maddələrdən istifadə etməmək;
4. Məhsulun sertifikatlaşdırılmasını və markalanmasını həyata keçirmək.

Orqanik kənd təsərrüfatının faydaları

  • gələcək nəsillərin qorunması;
  • torpağın eroziyaya uğramasının qarşısının alınması;
  • istifadə edilən suyun keyfiyyətinin qorunması;
  • enerjiyə qənaətin edilməsi;
  • zərərli kimyəvi maddələrdən istifadənin aradan qaldırılması;
  • kənd təsərrüfatı sahəsində işləyənlərin saglamlığının qorunması;
  • kənd təsərrüfatı işçilərinin maddi rifah halının yüksəldılməsi;
  • bioloji müxtəlifliyin təmin edilməsi;
  • kənd təsərrüfatş məhsullarının keyfiyyətinin yüksəldilməsi.