ISO 22000:2018. “Qida təhlükəsizliyinin idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartı
Hər bir ölkənin qida təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Qida təhlükəsizliyi ölkənin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Qida təhlükəsizliyi probleminin beynəlxalq miqyas alması xüsusilə qloballaşma fonunda daha qabarıq şəkildə özünü göstərir.
Hazırda beynəlxalq iqtisadi münasibətlər sisteminin qloballaşması nəticəsində artıq qida təhlükəsizliyi problemi ayrı – ayrı ölkələrin sərhədlərini aşaraq bütövlükdə beynəlxalq aləmin aktual probleminə çevrilmişdir. Bunu nəzərə alaraq BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bir çox dövlətlərin iqtisadi təcrübəsində qida təhlükəsizliyi və onun hədlərini təhlil edilmiş və bununla bağlı çoxsaylı standartlar və normativ sənədlər qəbul olunmuşdur.

Qida məhsullarının кeyfiyyətinin yüкsəldilməsini və onun təhlükəsizliyini təmin edən normativ sənədlər sistemində ISO 22000 “Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri. Qida məhsulları zəncirində iştirak edən bütün təşkilatlara olan tələblər” adlı beynəlxalq statuslu standart əsas yerlərdən birini tutur.
Bu standart 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən beynəlxalq statuslu standart kimi qəbul edilib.
Bir çox ölkələr bu standartı milliləşdirmiş və özlərinin standartlar bazasına daxil etmişlər.
Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:
- interaktiv informasiya mübadiləsi;
- idarəetmə sistemi;
- ilkin vacib şərtlər proqramı;
- HACCP prinsipləri.
ISO 22000 standartının prinsipləri
ISO 22000 aşağıdakı prinsiplərə əsaslanır:
- bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi;
- xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi;
- kritik limitlərinin müəyyənləşdirilməsi;
- kritik nəzarət nöqtələrinin monitorinqi;
- düzəldici fəaliyyətlərin müəyyənləşdirilməsi;
- qeydlərin aparılması;
- sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik olaraq yoxlanılması.
2018-ci ilin iyununda standartının yeni versiyası nəşr edilib. Yeni versiyada əvvəkli 2005-ci il versiyası ilə müqayisədə kifayət qədər ciddi dəyişikliklər edilib.
Yeni versiya idarəetmə sistemi standartları üçün əsas olan ümumi struktura uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq standartın maddələrinin sayı 10-a çatdırılıb.
Yeni versiyada risk-əsaslı düşüncə anlayışından istifadə olunub. Riskin qida müəssisələri üçün əhəmiyyəti nəzərə alınaraq qida təhlükəsizliyi idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrin nail olunması və neqativ nəticələrin qarşısının alınması üçün səylərin risk və imkanlara yönəldilməsinin vacibliyi qeyd edilib.
Həmçinin əvvəlkil verisya ilə müqayisədə yeni versiyada əsas anlayışlar dəqiqləşdirilib (risklərin idarə edilməsi üçün zəruri olan kritik nəzarət nöqtələri, operativ proqramlar, risklərə dair yanaşma, məhsulun qaytarılması və geri çağırılması və s.). Hazırda dünyanın bütün inkişaf etmiş ölkələri ISO 22000 beynəlxalq standartını tanıyır və qida zəncirində iştirak edən təşkilatlar qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi zamanı ondan istifadə edirlər.
ISO 22000 standartının tətbiqinin faydaları
- texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olunması;
- önləyici tədbirlərdən istifadə edilməsi;
- qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsi;
- qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlərin müəyyən edilməsi;
- ümumi istehsalda itilərin və zay məhsulun payının azaldılması;
- ISO 9001 və HACCP ilə inteqrasiya üçün əlavə imkanların yaranması;
- istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
- yeni satış bazarlarına çıxış imkanlarının artması;
- istehsal edilən məhsulun rəqabət qabiliyyətinin artması;
- investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
- təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması.