Halal

MS 1500:2009 Halal standartı

MS 1500:2009 “Halal qida – istehsal, hazırlama, emal və saxlama üzrə ümumi rəhbərlik”

27 milyon əhalisinin 16 milyonu müsəlman olan Malayziya halal qida istehsal edən lider ölkələrdən biridir. İllik 141 milyard dollarlıq ixracat və 115 milyard dollarlıq idxalı olan Malayziyanın əsas hədəflərindən biri ixrac üçün halal qida istehsalını artırmaqla dünyanın bütün ölkələrini, xüsusən İslam ölkələrini təsdiq edilmiş halal məhsullarla təmin etməkdir.

Bu məqsədlə Malayziyada halal istehsal olunan məhsullara halal sertifikat vermək üçün JAKIM (Malayziya İslam İnkişaf Departamenti) ictimai təşkilatı fəaliyyət göstərir. JAKIM, bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmiş etibarlı halal qida üzrə sertifikatlaşdırma orqanıdır. 2004-cü ildə Malayziya Halal Sənaye Standartları Komitəsinin rəhbərliyi alında Halal məhsullar üzrə Texniki Komitə tərəfindən halal qida istehsalını, hazırlanmasını, emalını və saxlanmasını özündə ehtiva edən Malayziya Standartı MS 1500 işlənib hazırlandı. 2009 -cu idə standartın yeni versiyası nəşr olundu.

MS 1500:2009 halal məhsulun istehsalı (qida əlavələri də daxil olmaqla), emalı və saxlanılması ilə bağlı praktiki tövsiyələrdən ibarətdir.

MS 1500:2009 standartı heyvanların kəsimi, gigiyena və sanitariya, həmçinin məhsulların saxlanılmasına dair tələbləri özündə ehtiva edir.

Standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlıq şərtləri, kəsimi yerinə yetirən şəxsin xüsusi keyfiyyətləri, kəsimdə istifadə olunan alətlər, kəsimı şəraiti, kəsimdən əvvəl heyvan sağlamlıq vəziyyəti, kəsim prosesi, heyvanın təmizlənməsi və yuyulması, və s. ilə bağlı tələblər müəyyən edilib.

MS 1500:2009 standartına görə sertifikatlaşdırma

MS 1500:2009 standartına görə sertifikatlaşdırma həm istehsalçılara, həm də istehlakçılara aşağıdakı faydaları təmin edir:

1. İstehsal olunan məhsula istehlakçıların etibarını artırır. MS 1500:2009 standartına görə sertifikatlaşdırma məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsini təmin edir.

2. İxracat və rəqabət qabiliyyətini artırır. MS 1500:2009 sertifikatı müəssisəyə məhsullarını qlobal halal bazarına ixrac etməyə və özünün istehsal potensialını artırmağa imkanı yaradır. Bu sertifikat həmçinin, istehsalçının və məhsulun qlobal səviyyədə tanınmasına imkan verir.

3. İstehsalçının beynəlxalq qida sərgilərində iştirak etmə imkanlarını artırır.

4. HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanı asanlaşdırır.