Samir Novruzlu
Samir Elçin oğlu Novruzlu 28 avqust 1981-ci ildə Bakı şəhərində anadan olub. 1988-1994-ci illərdə 29 saylı orta məktəbdə, 1994-2008-ci illərdə isə 289 saylı “Zəngi” litseyində təhsil alıb. 1998-2002 illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə isə eyni ixtisas üzrə magistr pilləsində təhsilini davam etdirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub.
Universitet vaxtından ixtisasına uyğun olaraq keyfiyyət, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsini daha dərindən öyrənməyə və bu istiqamətdə araşdırma aparmağa başlayıb.
Əmək fəaliyyətinə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu (NKPİ) Neft və neft məhsullarının standartlaşdırılması və metrologiya laboratoriyasında "Standartlaşdırma və sertifikasiya üzrə mühəndis” kimi başlayan Samir Novruzlu daha sonra bir neçə yerli və xarici şirkətlərdə keyfiyyət üzrə rəhbər, məsləhətçi, təlimçi və baş auditor olaraq çalışıb.
Ölkədə “keyfiyyət” anlayışının aktuallığını və hər sahədə bərqarar olunmasının vacibliyini anlayan və təbliğ edən şəxsləri ətrafında toplayaraq o, 2007-ci ildə “Keyfiyyət Assosiasiyası” İB-ni və “Keyfiyyət və Menecment” jurnalını təsis edib. Onun rəhbərliyi ilə“Keyfiyyət Assosiasiyası” İB qısa zaman ərzində bir çox beynəlxalq və milli təşkilatlarla əlaqə quraraq, beynəlxalq tədbirlərdə və qurumlarda Azərbaycanı təmsil edib və bu işi indi də davam etdirməkdədir.
2008-ci ildə Samir Novruzlu Asiya və Sakit Okean Hövzəsi Ölkələri Keyfiyyət Təşkilatının idarə heyətinə seçilib. 2009-cu ildən Amerika Keyfiyyət Cəmiyyətinin üzvüdür.
Samir Novruzlu Keyfiyyət Assosiasiyası” İB ilə Avropa Keyfiyyət Təşkilatı (EOQ), Amerika Keyfiyyət Cəmiyyəti (ASQ), Beynəlxalq Keyfiyyət Akademiyası (IAQ), Şanxay Keyfiyyət Assosiasiyası (SAQ), Türkiyə Keyfiyyət Dərnəyi (KALDER), Ukrayna Keyfiyyət Assosiasiyası və Ümumrusiya Keyfiyyət Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi işinə əzmkar və geniş fəaliyyəti ilə əhəmiyyətli töhfə verib.
Hal - hazırda bir neçə təşkilatın idarə heyətinin üzvü olan Samir Novruzlu, eyni zamada Keyfiyyət Assosiasiyasında sədr kimi fəaliyətini davam etdirir.