Böhran şəraitində keyfiyyət məsələlərinin aktuallığı
Keyfiyyət sahəsində klassik mənbələrdən biri Dr. U.Edvards Deminqin “Böhrandan çıxış” adlı kitabıdır. Bu kitab 1980-ci illərdə yazılmasına baxmayaraq, mövzu bugünün problemlərini və onların həlli yollarını özündə əks etdirir. Tez-tez menecerlərin “keyfiyyətdən danışmaq üçün münasib vaxt deyil, biz təkmilləşməyə nail olmağa bu qədər vaxt itirə bilmərik ” kimi mülahizələrinin şahidi oluram. Onlar daha çox prioritet hesab etdikləri məsələləri tez bir zamanda həll etmək düşüncəsi ilə hərəkət etdiklərinə görə bu cür mülahizələr irəli sürürlər. Lakin onların təklif etdiyi tədbirlər inkişaf üçün səciyyəvi olan sistematik yanaşma deyildir. Bu yanaşma əslində uzun müddət ərzində təşkilatın strukturunun dəyişilməsi və ya işçi heyətin sayının azaldılması kimi problemləri birdəfəlik həll etmir. Baxmayaraq ki, belə yanaşma təşkilatın fəaliyyətinə tez təsir göstərir və qısa müddət ərzində xərcləri azaltmağa imkan verir, lakin bu cür tədbirlərin həyata keçirilməsi uzunmüddətli dövr üçün təşkilatın əvvəllər malik olduğu gücü sarsıda bilər. Nə üçün mən bu fikri belə əminliklə irəli sürürəm? Gəlin əvvəlki böhranlar zamanı işin təkmilləşdirilməsi ilə bağlı nələri öyrəndiyimizi və son 100 ildə malik olduğumuz idarəçilik təcrübəmizi nəzərdən keçirək.
İş yerində qorxuya səbəb olan amilləri aradan qaldırın
Böhrandan necə çıxmaq olar? Albert Eynşteynin müdrik kəlamına nəzər yetirək: “Biz bu günün problemlərini həll etmək üçün ilk növbədə bizi bu problemlərlə üz-üzə qoyan vasitələrdən istifadə etməməliyik!” Əgər təşkilatlar prosesləri əhəmiyyətli dərəcədə təkmilləşdirmirlərsə, bu zaman onların həyata keçirdiyi struktur dəyişiklikləri və ştatın ixtisar edilməsi son nəticədə xərclərin və iş növbələrinin azaldılmasından başqa heç nəyi yaxşılaşdırmır. Həqiqətdə bu tədbirlər insanlardan köhnəlmiş və ya effektiv olmayan proseslərdən istifadə etməklə daha çox işləməyi tələb edir, lakin mövcud resursların az olması səbəblərindən onlar öz işlərini lazımı səviyyədə yerinə yetirə bilmirlər. Menecerlərin “daha çox çalışın! ”, “daha çox iş görün!” kimi çağırışları görüləcək işin keyfiyyəti və ya kəmiyyəti baxımından heç nəyi dəyişmir. Əgər, işçilər tərəfindən tələb olunan iş proseslərinin təkmilləşdirməsi aparılmazsa, menecerlərin yerinə yetirilməsi mümkün olmayan tələbləri öz işçilərini yalnız məyus edər və onları ruhdan sala bilər. Məyus olmuş və ruhdan düşmüş insanlar öz işlərini itirmək qorxusu içərisində yaşayırlar ki, bu da onların effektiv fəaliyyət göstərməsinə təsir edir. Ona görə də rəhbərlik işçilər arasında qorxu əhval-ruhiyyəsi aradan qaldırmalı, onlar üçün pozitiv iş şəraiti yaratmalıdır.
Proses haqqında dərin biliyə sahib olun
Bəs alternativ nədir? Əlbəttə ki keyfiyyət! “Bu gün keyfiyyət yönümlülük nəyi dəyişə bilər?” sualını verən skeptik menecerlərə bizim müvafiq cavabımız olmalıdır. Sualın cavabı bizim öz proseslərimizlə bağlı bilgilərimizin səviyyəsindən asılıdır. Bu nə deməkdir? Biz prosesə ilk növbədə bir alim obyektivliyi ilə nəzər salmalıyıq. Biz hər bir fərdi komponenti nəzərə almalı, onu yoxlamalı, məqsədinin nə olmasını müəyyən etməli, həmin məqsədə hansı səviyyədə çatdığını, nəzərdə tutulan işi hansı tezlikdə yerinə yetirə bilmədiyini və bu səbəbdən dəyən maddi zərərin miqdarını müəyyən etməliyik. Başqa sözlə, biz iş prosesinin hər bir komponentinin həqiqi dəyərini dərk etməliyik. Əgər hər hansı bir iş əlavə dəyər gətirmirsə, onun dəyəri müştəri tərəfindən ödənilmirsə və ya əməliyyatların aparılması üçün əhəmiyyətli deyilsə, bu halda o ya tənzimlənməli ya da yerinə yetirilmədiyi üçün ləğv edilməlidir. Işin bu cür mikroanalizi Toyota şirkəti misalında idarəetməyə qənaətcil yanaşmanın əsasını təşkil edir. İkincisi, biz müştərilərimiz üçün dəyər gətirən prosesləri yoxlamalı və bu proseslərin düzgün idarə edilib-edilmədiyini müəyyənləşdirməliyik. Təcrübədə tez-tez gözlənildiyindən də çox zaman tələb edən üsullara rast gəlirik. Başqalarından fərqli olaraq uzun zaman tələb edən işlər bizim üçün baha başa gəlir və biznes sistemimizin effektivliyini aşağı salır. Ciddi təkmilləşməyə nail olmaq üçün biz öz proseslərimizi 3 ölçülü effektivlik prizmasından öyrənməliyik: ilk dəfədən lazımı keyfiyyətin əldə edilməsi, effektivlik (keyfiyyət nəticələrinin əldə edilməsinə sərf olunan minimal dövriyyə vaxtı) və qənaət (əməliyyat imkanı artdıqca hər bir əməliyyata düşən xərcin azalması). Bütün bu üç təkmilləşməni eyni vaxtda necə aparmaq olar?
Altı Siqma: itkiləri aradan qaldırın, xərcləri azaldın və iş proseslərinin uyğunluğunu təmin edin
Bu suala cavab bizim proseslərin statistik təhlili nəticəsində tapıla bilər. Eyni zamanda bu biznesin təkmilləşdirilməsinə dair yanaşmaların əsasını təşkil edən, Amerika yarımötürücülər sənayesi, Toyota və General Electric şirkətlərində tətbiq edilən idarəetmənin qarışığı olan – Altı Siqma üsuludur. Bu üsulun tətbiqi işin statistik təhlilindən başlanır. Bəs işin yerinə yetirilməsi bizdən nə qədər vaxt tələb edir? Bu cür məlumatların təhlilinin sirri hadisələrin ardıcıl olaraq təhlil edilməsindədir. Təhlil zamanı insanların göstərdiyi fəaliyyətlərin əsasını təşkil edən modellərin öyrənilməsi üçün bir vasitə kimi hadisələrin və ya əməliyyatların baş vermə vaxtlarından istifadə olunmalıdır. Hər zaman bizim hər-hansı işi yerinə yetirməyimiz elmi təcrübənin aparılmasına bənzəyir: bu iş bizim keçmişdə gördüyümüz işə bənzəyirmi və öz müştərilərinin tələblərinə cavab verirmi? Bu ehtimalların .yoxlanılması məntiqidir. Ehtimalların sıfır vəziyyəti isə bu işlərin biri-birinə bərabər olmasıdır (məsələn, keçmişdə olduğu kimi effektivlik və ya müştərilərin tələbləri çərçivəsində fəaliyyət). Buna baxmayaraq, fəaliyyətlərin ardıcıllığını (prosesdən keçən iş axını) və hazırkı nəticələri gözlənilən standart nəticələrlə (məhsuldarlıq - əməliyyatın vaxt vahidinə bölünməsi kimi nəticənin əməyə bölünməsidir) müqayisə etdikdə prosesin qeyri-effektiv olması və qiyməti kimi təkmilləşdirmə aparıla bilən sahələri nümayiş etdirən dəlillər əldə edilir. Altı Siqma nəzəriyyəsinin əsasını ən qısa zamanda maksimum fayda əldə etmək üçün həyata keçirilən təkmilləşdirmə fəaliyyətinin lazımi sahəyə yönəldilməsi təşkil edir. Qısaca, Altı Siqma bizə gördüyümüz gündəlik işə fərqli rakursdan baxmağa imkan verir
Təkmilləşməyə aparan addımlar atın
Rəhbərlik işə belə bir fərqli rakursdan baxdıqda daha qəti tədbirlər görə bilər! Burada hansı sahələrin təkmilləşdirilməsinə diqqətin yetirilməsi və onun effektiv möhkəmləndirilməsi imkanlarının cavabı daha aydın şəkildə özünü büruzə verir. Biz həmçinin ehtiyatların harada israfçılıqla sərf olunduğunu müəyyən edə bilərik, beləliklə prosesin yaxşılaşdırılması tələb olunduğu zaman insanların daha dərrakəli və məqsədyönlü işləməsi nəticəsində məhsuldarlığın artmasını təmin etmək olar. Altı Siqma metodları 100 il ərzində öyrənilən iş proseslərinin yaxşılaşdırılması yollarını özündə əks etdirir. Öyrənilən metodlar işin bütün parametrlərinin yaxşılaşdırılması üzrə bir sistematik yanaşmada cəmləşdirilmişdir. Altı Siqma dünya üzrə təşkilatlarda biznesin təkmilləşdirilməsi üçün effektiv yanaşma kimi özünü doğruldaraq iqtisadiyyatın bütün sahələrində (biznes, sənaye, səhiyyə və dövlət qulluğu) tətbiq olunmuşdur. Bu gün bizim böhran vəziyyətindən çıxaraq necə inkişaf edəcəyimiz barədə həm biliyimiz, həm də istinad edəcəyimiz nümunələr var. Bütün bunlar bir sual doğurur: köhnəlmiş iş üsullarından imtina etməklə təşkilatlarımızda dəyişikliklər aparmaq imkanı verən, sınaqdan keçmiş üsulları qəbul etməyə bizim iradəmiz çatırmı? Bu seçimi təşkilat rəhbərliyi etməlidir. Biz onu da nəzərə almalıyıq ki, digər hər hansı bir yolla təkmilləşməyə nail olmaq mümkün deyil, xərclərin azaldılması biznesi yalnız məhdud çərçivədə yaxşılaşdıra bilər. Lakin unutmamalıyıq ki, xərcləri azaltmaqla biz həm də biznesin mövcudluğuna son qoya bilərik.
Müəllif:
Qreqori H. Vatson
Beynəlxalq Keyfiyyət Akademiyasının Prezidenti
İngilis dilindən tərcümə etdi: Əli Məmmədov




