Keyfiyyəti
idarəetmə

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN APARATININ İSO 9001:2015 VƏ ISO 14001:2015 STANDARTLARINA ƏSASLANAN İNTEQRASİYA EDİLMİŞ İDARƏETMƏ SİSTEMİNİN QURULMASI TƏCRÜBƏSİ

Beynəlxalq rəqabətin güclənməsi, resurs məhdudiyyətləri, iqlim dəyişikliyi və kənd təsərrüfatı istehsalının davamlı inkişafına təsir göstərən digər problemlər, qənaətcil texnologiyalardan istifadənin genişləndirilməsi ilə yanaşı, aqrar sahənin idarəçiliyində bir neçə beynəlxalq idarəetmə standartının tələblərini birləşdirən inteqrasiya olunmuş idarəetmə sistemlərinin (İİS) tətbiqinə zərurət yaradır. Mövcud təcrübələr müştərinin (son istifadəçinin) və tələblərinin məlum olduğu istehsal və xidmət müəssisələri üçün hazırlanmış İİS-lərə əsaslanır. Təqdim etdiyimiz məqalədə isə ISO 9001:2015 və ISO 14001:2015 standartlarına əsaslanan, birbaşa və ya dolayısı ilə böyük sayda maraqlı tərəflərin (fermerlədən tutmuş tabeli qurmlara qədər) mənafelərinə təsir göstərən dövlət orqanının - Kənd Təsərrüfatı Nazirliyinin Aparatının İİS-nin tətbiqindən bəhs edilir. İİS-lərin böyük dövlət qurumları səviyyəsində unikal idarəçilik modeli olması bir sıra metodoloji çətinliklərin yaranması ilə müşahidə olundu. Problemlərin həllində məhşur P-D-C-A yanaşmasından istifadə edilməsi layihənin uğurla başa çatmasına imkan yaratdı. Məqalədə inteqrasiya olunmuş idarəetmə sisteminin konseptual elementlərindən bəhs olunur, risklərin qiymətləndirilməsi, ətraf mühit aspektləri, proses pasportları və s. barədə məlumat və nümunələr təqdim olunur.

Açar sözlər: beynəlxalq (İSO) idarəetmə standartları; inteqrasiya edilmiş idarəetmə sistemi; p-d-c-a yanaşması; proses yanaşması; risklərin idarə edilməsi; ekoloji aspektlər;maraqlı tərəflər .

Giriş

Fəaliyyət sahəsindən asılı olaraq müəssisə və təşkilatlar tərəfindən müxtəlif idarəetmə sistemlərin-dən (keyfiyyət, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sağlamlıq və texniki təhlükəsizlik, informasiya təhlükəsiliyi və s.) istifadə olunur. Daha yüksək keyfiyyətə və effektivliyə nail olmaq üçün bu idarəetmə sistemləri inteqrasiya oluna bilər. Bu isə, ayrı-ayrı idarəetmə standartlarının tələblərinin vahid bir çərçivə daxilində tətbiq edilməsi deməkdir. Aşağıda göstərilən idarəetmə sistemlərini birləşdirməklə müxtəlif tərkibli İİS qurmaq mümkündür:

  • Keyfiyyət (İSO 9001:2015) və ətraf mühit (İSO 14001:2015);
  • Keyfiyyət (İSO 9001:2015) və qida təhlükəsizliyi (İSO 22000:2018);
  • Keyfiyyət (İSO 9001:2015) və informasiya təhlükəsizliyi (İSO 27001: 2013);
  • Keyfiyyət (İSO 9001:2015) və peşə sağlamlığı və təhlükəsizliyi (İSO 45001:2018).

Hazırda istehsal müəssisələri tərəfindən ən geniş yayılmış ineqrasiya modeli keyfiyyət (İSO 9001:2015), ətraf mühit (İSO 14001:2015), peşə sağlamlığı və təhlükəsizliyi (İSO 45001:2018) idarəetmə standartlarını birləşdirir.

ISO idarəetmə standartları ayrı-ayrılıqda da tətbiq oluna bilər. Bu məsələ təşkilatın müəyyən etdiyi hədəflərdən və ehtiyaclarından bilavasitə asılıdır. Bizim halda göstərilənlərdən tətbiq üçün ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” və ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri- Tələblər və tətbiq üzrə rəhbərlik” standartları seçilmişdir və bununla əlaqədar Kənd Təsərrüfatı Nazirinin 16.09.2019-cu il tarixli 141 N-li əmrinə əsasən İşçi qrupu yaradılmış və təsdiq edilmiş fəaliyyət planı əsasında KTN Aparatının İnteqrasiya edilmiş İdarəetmə Sisitemi (İİS) qurulmuşdur.

İİS-ə daxil olan ISO 9001:2015 beynəlxalq standartının tətbiqində əsas hədəf kimi idarəetmə proseslərinin səmərəliliyinin təmin edilməsi, risk menecment elementlərini istifadə etməklə idarəetmə sisteminin təkmilləşdirilməsi, dolayısı ilə tabeli qurumlar vasitəsi ilə son nəticədə müştərinin (fermerlərin) marağlarının qorunması nəzərədə tutulmuşdur.

İİS-ə daxil olan İSO 14001:2015 standartının seçilməsini səciyələndirən əsas şərt kimi isə aqrar sahənin bilavasitə biofizioloji proseslərə bağlılığı və ətraf mühitlə təmasda olmasıdır. Bu standartın tətbiqi kənd təsərrüfatının fəaliyyəti nəticəsində biosferə təzyiqlərin azaldılmasına yönəlik düşüncə tərzinin Aparat şöbələri səviyyəsində formalaşmasına, aqrar sahənin inkişafı ilə bağlı verilən qərarlarda mütləq nəzərə alınmasına və bu yanaşmanın (düşüncənin) KTN-nin idarəetmə ierarxiyasının aşağı qatlarına transfer edilməsini nəzərdə tutur.

Adı çəkilən standartların son versiyaları İSO Annex SL (İSO/İEC Directives, Part 1 Consolidated İSO Supplement-Prosedures specific to İSO) direktivinin tələbləri əsasında işlənərək, hamısının eyni struktura və bölmə başlığlarına malik olması ineqrasiya prosesini xeyli asanlaşdırır.

Oxşarlıqlarla yanaşı, hər bir standartın özünə xas olan elementləri də vardır. Təhlükələrin və risklərin qiymətləndirilməsi, ekoloji aspektlərin müəyyən edilməsi, hüquqi və digər tələblərə uyğunluğun qiymətləndirilməsi, və s. buna misal ola bilər. İİS-in geniş mənada məqsədi idarəetmənin müxtəlif istiqamətlərini əlaqələndirərək, yerinə yetirilən fəaliyyətlərin səhvən təkrarlanmasına yol verməyən, daim təkmilləşən və son nəticədə sinerji effekti təmin edə biləcək rahat idarəçiliyin təmin edilməsidir. Amma bu heç də o demək deyil ki, İİS-də fərdi idarəetmə sistemlərinə az əhəmiyyət verilir. Əksinə, yüksək səmərəliliyi qoruyub saxlamaq üçün, bu sistem daxilindəki hər bir fərdi idarəetmə sisteminin qarşıya qoyduğu tələblər sözsüz yerinə yetirilməlidir.

Fərdi idarəetmə sistemlərinin müəssisələr səviyyəsində tətbiqi ilə bağlı məlumat bolluğu, kifayət qədər proqram və sənədlərin hazırlanması ilə yanaşı İİS-lərin qurulması və tətbiqi barədə bunları demək çətindir. Dövlət idarəetmə qurumları səviyyəsində isə nəinki İİS-nin, hətta ayrı-ayrı idarəetmə standartlarının tətbiqi haqqında elmi nəşrlərdə demək olar ki məlumatlara rast gəlinmir. Bu nöqteyi-nəzərdən təqdim edilən məqalə nəinki Azərbaycanda və ən azı MDB məkanında dövlət qurumları səviyyəsində İİS-nin tətbiqi təcrübəsi üzrə bir ilk sayıla bilər.

Tədqiqatın metodları

Məqalə hazırlanarkən tədqiqat metodlarından məzmun analizi (content analysis) müqayisə və hadisə-nin öyrənilməsinə (case study) üstünlük verilmişdir. Beynəlxalq standartların, mövzuya aid müxtəlif sənədlərin, qismən oxşar təcrübələri təsvir edən layihələrin və tətbiqlərin, internet saytlarının və jurnalların, qanunların və başqa sənədli çap məhsullarının öyrənilməsinə geniş yer verilmişdir.

Problemin təhlili

Mövcud İSO idarəetmə standartlarının işlək menecment modellərinin metodoloji əsasını, idarəetmə elminin banilərindən biri Edvard Deming tərəfindən təklif edilən “Planlaşdır – Həyata keçir – Nəzarət et – Təkmilləşdir” (Plan-Do-Check-Act - P-D-C-A) yanaşması təşkil edir (şək.1).

Mənbə: ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri — Tələblər, (Azərbaycan dilində tərcüməsi), səh.8, şəkil 2
Şəkil 1 - İSO 9001:2015 nümunəsində PDCA çevrəsinə uyğun olaraq beynəlxalq standartın strukturunun təsviri
Qeyd – mötərizədə verilmiş rəqəmlər bu standartın maddələrinə olan istinadlardır.

PDCA çevrəsi bütün proseslərə və bütövlükdə idarəetmə standartları əsasında qurulan sistemlərə tətbiq oluna bilər. Və bu yanaşma inteqrasiya olunmuş idarəetmə sisteminin qurulması üçün həlledici bir rol oynayır. Bunu növbəti sxemdə daha aydın şəkildə təsvir etsək, P–D–C–A çevrəsinin mərhələləri ilə inteqrasiyaya məruz qalan standartların struktur elementləri arasında mövcud əlaqələri müşahidə edə bilərik (bax şək.2).

Şəkil 2 - PDCA çevrəsinin idarəetmə standartlarının elementləri ilə əlaqə sxemi
Mənbə: müəllif tərəfindən hazırlanmışdır

İİS-nin qurulması göstərilən modelin hər bir mərhələsinin addımbaaddım ardıcıllıqla yerinə yetirilməsi yolu ilə həyata keçirilib.

«Plan – Planlaşdır»

Sistemin məqsədlərinin və proselərinin işlənməsi, həmçinin təşkilatın siyasəti və müştəri tələblərinə uyğun olaraq nəticələrə nail olmaq üçün zəruri olan resursların, risk və imkanların, ekoloji aspektlərin müəyyən edilməsi və bunlara baxılması;

Bu tələblərin reallaşdırılması aşağıdakı fəaliyyətlərin həyata keçirilməsini tələb etdi:

1. Təşkilatın konteksti və onun başa düşülməsi

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində mövcud vəziyyət və bunun GZİT (SWOT) təhlili Nazirliyin fəaliyyət və inkişaf strateqiyasına təsir göstərən kənar və daxili amillərin nəzərə alınmasına və strateji baxışın formalaşdırılmasına əsas vermişdir. Kənar amillər dedikdə yerli, ölkə və beynəlxalq səviyyədə qanunvericilik, texnoloji, rəqabət, bazar, mədəni, sosial və iqtisadi məsələlər nəzərdə tutulur. Daxili amillər dedikdə isə idarəetmə mədəniyyəti, dəyərlər, biliklər və nailiyyətlər nəzərdə tutulur. Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması məqsədilə 9 strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-2020-ci illər ərzində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” qəbul edilmişdir. Strateji İnkişaf Planı hazırlanarkən ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində kənd təsərrüfatı sahəsi üzrə müəyyən olunmuş strateji hədəflər və aqrar siyasətin qarşısında duran vəzifələr ətraflı şəkildə təhlil olunmuş və bu sahədə mövcud çağırışlar nəzərə alınmışdır.

2. Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi

Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət çərçivəsinin genişliyindən irəli gələrək, Aparatın da bir çox maraqlı tərəflərlə təmasda olmasını labüd edir. Maraqlı tərəflər və onların gözləntiləri haqqında məlumat cədvəl 1-də göstərilir:

Cədvəl 1: İİS-lə bağlı marağlı tərəflər və onların gözləntiləri

Mənbə: KTN Aparatının İnteqrasiya edilmiş idarəetmə sisteminin Əl Kitabı (KTN/İİS/KR-01),səh.9

3. İİS və onun prosesləri

Proseslərin qarşılıqlı əlaqəsi olan bir sistem kimi başa düşülməsi və idarə edilməsi təşkilatın nəzərdə tutulmuş nəticələrə effektiv və səmərəli şəkildə nail olunmasına kömək edir. Bu yanaşma təşkilata sistemdəki proseslər arasında qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələri idarə etməyə imkan verir, beləliklə də təşkilatın ümumi fəaliyyət göstəricilərini yaxşılaşdıra bilir.

İdarəetmə ilə əlaqəli resurslar və fəaliyyətlər bir proses olaraq qəbul edildiyi zaman istənilən nəticələrə daha tez nail olmaq mümkündür. Müxtəlif fəaliyyətlərin həyata keçirildiyi yerdə bu fəaliyyətlərin bir-biri ilə əlaqəli prosesə daxil olması və bu prosesin nəticəsi kimi çıxışları sadələşdirməklə, nəzarəti və yaxud lazım olduğu anda müdaxiləni asanlaşdırır. Bir müəssisə (təşkilat) İİS qurduğu zaman, faəliyyət proseslərinin hər birini dəqiq müəyyənləşdirməlidir. Xidmətin keyfiyyətinə nəzarət, prosesin nəticəsinə bilavasitə təsir edir. Bununla da, proseslərdə xətalar baş verməzdən əvvəl onun qarşısının alınması imkanı artır. Digər tərəfdən, müəssisə (təşkilat) hər bir prosesdəki resursların optimal şəkildə istifadəsi üzərində çalışmalıdır. Proses sırasında resursların məhsuldar istifadəsi o prosesin yaxşılaşdırılmasının fərqli bir yönümüdür və keyfiyyət-maliyyə tərs münasibətlərini, yəni keyfiyyət artarkən maliyyənin azalmasını göstərir. İSO idarəetmə standartlarına görə sistem daxilindəki prosesləri təkmilləşdirmək üçün hər zaman imkanlar vardır. Proses daxilində lazım olan təkmilləşdirmələri aparmaq üçün prosesdaxili vacib nöqtələrdəki ölçmələrdə onun sonunda alınan nəticənin ölçmələri qarşılaşdırıldıqdan sonra müəyyənləşdirmək mümkündür. Bu vacib nöqtələrdəki ölçmələr sayəsində prosesə dərhal müdaxilə edilməklə və lazımi tədbirlər görülərək xətalar ən az zərərlə aradan qaldırılır.

Prosesləri şərti olaraq 3 (üç) kateqoriyaya bölmək olar:

İdarəetmə prosesləri girişdə proseslər, məhsullar və xidmətlər barədə məlumatları əldə edir və onu digər proseslər üçün nəzarət tədbirlərinə (sənədlərə) çevirir.

Əsas proseslər təşkilatdakı məhsul istehsalını və ya xidmət göstərilməsini bilavasitə həyata keçirən əsas sistem yaradan proseslərdir.

Köməkçi proseslər - resursları və məlumatı girişdə təchizatçılardan (məhsulları, texniki vasitələri, materialları, xidmətləri, məlumatları) alır və digər proseslərin (əsas və idarəetmə) normal fəaliyyətini təmin edir.

Aparatın əsas vəzifələri sırasında Nazirliyin idarəetmə fəaliyyətinin hüquqi, analitik-informasiya və təşkilati-texniki təminatını həyata keçirilməsi işlərini nəzərə alsaq, proseslər məlumatların idarə edilməsi dövriyyəsini (tsiklini) əhatə edərək biri digəri ilə zəncir kimi tamamlanır (bax şək.3).

Müəyyəm məqsədə çatmaq üçün bir-biri ilə əlaqəli prosesslərin meydana gətirdiyi bir sistemin idarə edilməsi təşkilatın müvəffəqiyyətini və məhsuldarlığını artırır. İİS-nin daxxilindəki bütün proseslər bir-biri ilə qarşılıqlı və yaxud digərinə təsir edən əlaqə halındadır və təşkilatın məqsədlərinə çatmasına kömək edir.

Şəkil 3. Aparat üzrə proseslərin əlaqə sxemi

Mənbə: KTN Aparatının İnteqrasiya edilmiş idarəetmə sisteminin Əl Kitabı (KTN/İİS/KR-01), səh.13

Proses yanaşmasının tələblərinə uyğun olaraq hər bir proses üçün axış sxemindən (bax şək.4) və tələb olunan resurs və məlumat mənbələrini əks etdirən məlumat kartından (bax şək.5) ibarət 50 (əlli) proses pasportu hazırlanmışdır.

Mənbə: İnteqrasiya edilmiş idarəetmə sisteminin KTN/İİS/PP-12 nömrəli prosesin pasportu

Şəkil 4. “Dənli və paxlalı bitkiləri məhsullarının əkin və istehsal proqnozunun hazırlanması prosesinin” axış sxemi

Mənbə: İnteqrasiya edilmiş idarəetmə sisteminin KTN/İİS/PP-12 nömrəli prosesin pasportu

Şəkil 5. “Dənli və paxlalı bitkiləri məhsullarının əkin və istehsal proqnozunun hazırlanması prosesinin” məlumat kartı

4) Siyasət

İİS üzrə qarşıya qoyulan məqsədlərin müəyyən olunması üçün əsası təmin edən, müvafiq tələblərin yerinə yetirilməsi üzrə öhdəliklə ri özündə ehtiva edən, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ISO 9001:2015 və ISO 14001:2015 standartları üzrə Siyasət Sənədi”

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri tərəfindən 01.04. 2020-ci il tarixli “33” nömrəli əmri ilə təsdiq edilmişdir. Bu sənəddə Nazirlik müvafiq qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrini həyata keçirmək məqsədilə aşağıdakı 3 prinsip əsasında fəaliyyət göstəməsini bəyan etmişdir:

Keyfiyyətli idarəçilik – idarəçiliyi şəffaflıq, səmərəlilik, hesabatlılıq, operativlik, planlılıq və icraya nəzarət mexanizmi əsasında təşkil etmək;

Kəndli və fermerlərə yaxınlıq – kənd təsərüfatı məhsullarının əsas istehsalçısı olan

kəndlilərə və fermerlərə qayğı göstərmək, habelə onların problemlərini müəyyən etmək və həlli istiqamətində zəruri tədbirlər görmək;

İnnovasiyaların tətbiqi – kənd təsərrüfatının ölkə iqtisadiyyatında aparıcı rola malik

olmasını təmin etmək məqsədi ilə intensiv elmi-tədqiqat işlari aparmaq, müasir texnologiyalar tətbiq etmək.

5) Məqsədlər və onlara nail olmanın planlaşdırılması

Aparatın rəhbərliyi inkişaf sahəsində məqsədlərin hazırlanmasını və həmin məqsədlərin inkişaf üzrə siyasətlə əlaqəsini təmin edir. İnkişaf məqsədləri ölçüləbiləndir və təşkilatın əhatə dairəsini nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Strateji Yol Xəritəsində 9 Strateji hədəf, 36 prioritet istiqamət və 177 tədbir təsdiq edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi bu tədbirlərin 169-u üzrə birbaşa məsul icraçı və ya icranı təmin edən əsas qurumlardan biridir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi Strateji Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda göstərilən əsas təşəbbüslər üzrə əlaqələndirici dövlət orqanı kimi müəyyən olunmuşdur.

6) Risklər

Risklərin qiymətləndirilməsinə əsaslanan düşüncə effektiv bir İİS-nin qurulması üçün çox lazımdır.

Risklərin qiymətləndirilməsinə əsaslanan düşüncə konsepsiyası məsələn, potensial uyğunsuzluqların istisna edilməsinə yönəlik qabaqlayıcı təbdirlərin yerinə yetirilməsi, yaranmış hər hansı bir uğunsuzluğun təhlil edilməsi və uyğunsuzluğun nəticələrinə müvafiq onun təkrarlanmasının qarşısını almaq üzrə tədbirlərin görülməsi də daxil olmaqla bu standartın əvvəlki versiyasında nəzərdə tutulmuşdu. Risk və imkanların müəyyən edilməsi İİS-nin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrin nail olunması və neqativ nəticələrin qarşısının alınması üçün əsas yaradır. İmkanlar nəzərdə tutulmuş nəticələrə çatmaq üçün əlverişli olan şəraitdə baş verə bilər; məsələn, təşkilatın müştəriləri cəlb etməsi, yeni məhsul və xidmətlərin işlənməsi, itkilərin azaldılması və ya məhsuldarlığı artırılmasına imkan verər. Aparat üzrə risklərin üzə çıxarılması və qiymətləndirilməsi hər bir proses üzrə proses sahibləri tərəfindən həyata keçirilir. Bu fəaliyyətə prosesə sahiblik edən sektorun , bölmənin və şöbənin aidiyyatı əməkdaşları cəlb edilir. Belə bir yanaşma kollektivdə risk yanaşmalı düşüncənin geniş yaylmasına zəmin yaradır. Aşağıda “Dənli və paxlalı bitkilərin məhsul istehsalı proqnozlarının hazırlanması prosesinin “ risk qiymətləndirilməsinin nəticələrini əks etdirən nümunə göstərilir (bax şək.6).

Şəkil 6. Proses yönümlü risk qiymətləndirilməsinin nümunəsi

Mənbə:KTN registr/KTN/Aparat/İSO/Risk cədvəlləri

7) Ekoloji aspektlər

İİS-in müəyyən edilmiş tətbiq sahəsi çərçivəsində Aparatın iş fəaliyyəti nəticəsində yarana biləcək ətraf mühit aspektlərinin identifikasiyası, ətraf mühitə təsiri və əhəmiyyətliliyinin qiymətləndirilməsi üzrə proseslər müəyyənləşdirilib və tətbiq edilir. Bunun üçün xüsusi olaraq “KTN Aparatının inteqrasiya olunmuş idarəetmə sisteminin ətraf mühit aspektlərinin idarə olunmasə proseduru” təsdiq edilmiş və ona uyğun aparat üzrə ekoloji aspektlər müəyyən edilmişdir (bax şək 7.)

Şəkil 7. KTN Aparatının ekoloji aspektlərinin qiymətləndirmə cədvəlinin fraqmenti

Mənbə:KTN registr/KTN/Aparat/İSO/İSO 14001 materialları

8. Sənədləşdirilmiş informasiya

8.1.Ümumi müddəalar

Aparatın İİS sənədlərinin əhatə dairəsinə aşağıdakı sənədlər daxil edilmişdir:

Səviyyə 1– Aqrar sahənin inkişafına yönəlik müxtəlif proqramlar və planlar, İdarəetmə sistemin üzrə rəhbəredici sənəd (Əl kitabı);

Səviyyə 2– İdarəetmə və fəaliyyət prosedurları, pasportları, proseslərin məlumat kartları, proseslərin blok-sxemləri, qaydalar, təlimatlar (iş,vəzifə);

Səviyyə 3– Formalar, blanklar, jurnallar, sxemlər;

Səviyyə 4– Sərəncamverici və daxili normativ sənədlər, əmrlər və sərəncamlar, struktur bölmələrin əsasnamələri;

Səviyyə 5– Faktiki məlumatları əks etdirən sənədlər, doldurulmuş formalar, blanklar, jurnallar, planlar, cədvəllər, siyahılar...

Səviyyə 6– Baza səviyyəsi – Kənd təsərrüfatı nazirliyinin fəaliyyətlərini tənzimləyən normativ sənədlər.

8.2. Sənədləşdirilmiş informasiyanın idarə edilməsi

Kağız daşıyıcılarda sənəd dövriyyəsinin təşkilinə, o cümlədən daxil olan və göndərilən sənədlərin hərəkəti, icrası, uçotu və icrası başa çatmış sənədlərin arxivə verilməsi ilə bağlı məsələləri Ümumi şöbə tənzimləyir. Sənədləşmənin idarə olunması onun ehtiyac olduğu yer və zamanda,əlçatan və istifadəyə yararlı olmasını, məxviliyin pozulmaması, bütövlüyünün qorunması, paylanmanı və s. nəzərdə tutur. Bu tələblər qüvvədə olan, qeyd olunan və təsdiqlənmiş sənədlərə aiddir.

İİS-ə daxil olan bütün sənədlər xüsusi reyestrə toplanmış və Aparat əməkdaşlarının əlçatanlığını təmin etmək məqsədi ilə KTN register/Aparat/İSO ünvanlı məlumat-elektron bazasında yerləşdirilmişdir.

«Do – həyata keçir»

Bu mərhələnin əsas məqsədi birincidi mərhələdə planlaşdırılan işlərin və planların yerinə yetirilməsidir. Bura ilk növbədə özündə müxtəlif dövlət proqramlarının aidiyyatı tədbirlərini və şöbələrin əsasnamələrindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar İllik Fəaliyyət planlarının, icrası aid edilir. Bundan başqa texniki bitkilərin istehsalı planları, önəmli risklərin və ekoloji aspektlərin azaldılması və ya aradan qaldırılması üzrə tədbirlər planlarının yerinə yetirilməsi fəaliyyətləri aid edilir. Eyni zamanda əməkdaşların təlim planlarının və müştəri məmnuniyyətinin öyrənilməsi üzrə müxtəlif sorğuların aparılması bu mərhələdə yerinə yetirilir. Bu mərhələyə sistemin daxili auditlərinin keçirilməsi işlərini də aid etmək olar.

Göstərilən planların yüksək səviyyədə yerinə yetirmək üçün ən vacib məsələlərdən biri isə eyniləşdirilmiş (identifikasiya edilmiş), ayrı-ayrılıqda təsvir edilmiş və fəaliyyət parametrləri müəyyən edilmiş proseslərin (bax KTN register/Aparat/İSO/Proses pasportları) təyin edilmiş çərçivələrdə işləkliyinin təmin edilməsidir. Proseslərin pasportlarında göstərilən tələblər əsasında dəqiq yerinə yetirilməsi nəticə olaraq İİS-nin dayanığlı fəaliyyətinə zəmin yaradır.

«Check – Nəzarət et»

İİS-də qərarların verilməsi zamanı məlumatlardan və faktlardan geniş istifadə olunur. İnformasiya, yoxlama nəticələrinin təhlilindən,düzəltmə fəaliyyətlərindən,proses məhsuldarlığından, müştəri şikayətlərindən və digər bənzər mənbələrdən əldə edilir (bax cədvəl 2)

Toplanan məlumatların təhlilində məqsəd İİS-nin təsirliliyini və məhsuldarlığını artıraraq müştəri razılığını ən yüksək səviyəyə çatdırmaqdır. Bu zaman verilən qərarlar və onların tətbiqi dürüst məlumat bazasına əsaslanmalıdır.

Cədvəl 2: Mərhələ üzrə yerinə yetirilən digər əsas tələblər və onların məzmunu

Mənbə: müəllif tərəfindən hazırlanmışdır

Bu mərhələdə məlumatların toplanması, onların emalı və təhlili və cəmi idarəetmə sistemlərinin təhlili üçün hesabatların, arayışların və s. analitik sənədlərin hazırlanması həyata keçirilir. Proseslərin nəticəliliyini və effektivliyini müəyyən etmək üçün proseslərin göstəriciləri toplanılır, onların təhlili aparılır və prosesin nəticəliliyi qiymətləndirilir. Bu fəaliyyətlər yerinə yetirilərkən prosesin məlumat kartındakı ölçmə meyarları əsas götürülür (bax şək. 5 ).

«Act – Təkmilləşdir»

Mərhələnin əsas məqsədi fəaliyyət nəticələrinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsi. Proseslərin nəticəliliyi onların daima nəzarət altında saxlanılması, hədəflərə nail olunmadığı halda düzəldici tədbirlərin həyata keçirilməsi ilə təmin olunur. Proseslərin yaxşılaşdırılması yolları proses sahibləri tərəfindən müəyyənləşdirilir və İİS üzrə koordinatorla müzakirə edilərək rəhbərlik qarşısına çıxarılır.

Cədvəl 3: Mərhələ üzrə yerinə yetirilən digər əsas tələblər və onların məzmunu

Mənbə: müəllif tərəfindən hazırlanmışdır

Nəticə

Bir çox hallarda bəzi müəssisələr və təşkilatlar sərf etdikləri xərclərə uyğun olaraq qısa zaman kəsiyində İİS-dən müsbət nəticələr gözləyirlər. Lakin, nəzərə almaq lazımdır ki, İİS-nin tətbiqi mürəkkəb proses olduğundan onunla bağlı müsbət nəticələrin əldə edilməsi uzun zaman tələb edir.

İİS-nin tətbiqi ilk növbədə onun tələblərinin təşkilatın işçiləri tərəfindən daha asan mənimsənilməsinə, bütün proseslərin qarşılığlı əlaqəsinin və ardıcıllığının düzgün müəyyənləşməsinə imkan verir.

İİS-nin gətirdiyi faydalar arasında idarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəlməsi, xidmətin səmərəli təşkili və məhsuldarlığın artması, fəaliyyətlərin standartlaşması və nəzarətin asanlaşması,daimi yaxşılaşdırma üçün sistemin formalaşması, risklərin azaldılması və dayanağlığın artması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, müştəri məmnunluğunun artması, müxtəlif çağırış və dəyişikliklərə çevik uyğunlaşma imkanlarının əldə edilməsi, ətraf mühitə münasibətdə və keyfiyyətli idarəetmə mədəniyyətinin (plan - icra- hesabat -təhlil) formalaşdırılması və s. qeyd etmək olar.

Vacib nailiyyət kimi proses yanaşmanın tətbiqi nəticəsində bəzi hallarda söbə daxilində sektorlar arasında müşahidə edilən funksional dolaşıqlıqın aradan qaldırılmasına, şöbələrin fəaliyyətlərini tənzimləyən əsasnamələrin dəqiqləşdirilməsini - bunun nəticəsi kimi işçi-müdiriyyət əlaqələrinin inkişafına səbəb olan, işçilərin özlərini psixoloji cəhətdən daha komfortlu şəraitdə çalışmasına gətirib çıxaran vəziyyətin yaranmasını göstərmək olar.

İİS-ə aid sənədlərin, daxili qaydaların, təlimatların, prosedurların və müxtəlif prezentasiyaların vahid elektron məlumat bazasında toplanması və həmin bazaya hər bir Aparat əməkdaşına daxil olma olması Aparat daxilində üfüqi və şaquli məlumat axınlarının daha effektiv istifadəsinə şərait yaradır.

Risk yanaşmasının tətbiqi isə əməkdaşların yerinə yetirdikləri fəaliyyətlərə daha məsuliyyətli və baş verə biləcək dəyişiliklərə hazırlıqlı olmalarına zəmin yaradır.

Layihənin tətbiqi zamanı keçirilən çoxsaylı təlim və seminarlar müxtəlif şöbələrdə çalışan əməkdaşların bir-birinin işi ilə daha yaxından tanış olması üçün imkanı yaradaraq, potensial problemlərin müzakirələr və təhlillər vasitəsi ilə preventiv şəkildə aradan qaldırılmasına imkan yaratdı, qarşılıqlı inam və aparat işçiləri arasında komanda hissini daha da möhkəmlətdi.

Layihənin üzərində işləyərkən müxtəlif ölkələrin oxşar təcrübələri istiqamətində məlumat axtarışları aparılmışdır. Lakin hər hansı Nazirlik səviyyəsində və eyni zamanda 2 (iki) İSO idarəetmə standartını birləşdirən İnteqrasiya edilmiş idarəetmə sisteminin (İİS) tətbiqi üzrə məlumat axtarışı nəticəsiz qalmışdır. Deyilənləri və layihənin 05.10.2020-ci il tarixində “Bureau Veritas Certification Holding SAS-UK branch” tərəfindən uğurla sertifikatlaşdırılmasını nəzərə alaraq, Nazirliklər səviyyəsində İSO 9001:2015 və İSO 14001:2015 əsaslı İİS-nin tətbiqi ən azı MDB məkanında bu səpkidə yerinə yetirilmiş ilk və unikal layihə kimi qəbul edilə bilər və oxşar layihələrin işlənməsi üçün istiqamətverici rol oynaya bilər.

Hazırladı:
Qalib Qabil oğlu Şərifov, i.e.f.d.

Keyfiyyət Assosiasiyası İctimai Birliyinin idarə heyətinin üzvü,
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar tədarük və təchizat” ASC-nin Keyfiyyətin idarəedilməsi şöbəsinini müdiri

İstifadə edilmiş ədəbiyyat

  1. ISO 9000:2015, Quality management systems — Fundamentals and vocabulary.
  2. ISO 9001:2015 Quality management systems — Requirements, https://www.iso.org/obp/ui/#iso:std:iso:9001:ed-5:v1:en
  3. ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri — Tələblər, (Azərbaycan dilində tərcüməsi), “Keyfiyyət Assosiasiyası” İctimayi Birliyi
  4. ISO 14001:2015 Environmental management systems — Requirements with guidance for use, https://www.iso.org/obp/ui/#iso:std:iso:14001:ed-3:v1:en
  5. ISO 14001:2015 Ətraf mühiti idarəetmə sistemləri — Tələblər və tətbiq üzrə rəhbərlik, (Azərbaycan dilində tərcüməsi), “Keyfiyyət Assosiasiyası” İctimayi Birliyi
  6. ISO 10002:2018 Quality management — Customer satisfaction — Guidelines for complaints handling in organizations, https://www.iso.org/obp/ui/#iso:std:iso:10002:ed-3:v1:en
  7. ISO/TR 10013:2001 Guidelines for quality management system documentation, https://www.iso.org/obp/ui/#iso:std:iso:tr:10013:ed-1:v1:en
  8. ISO 31000:2018 Risk management – Guidelines, provides principles, framework and a process for managing risk, https://www.iso.org/iso-31000-risk-management.
  9. The Integrated Use of Management System Standards (IUMSS), Second edition 2018-11, https://www.iso.org/files/live/sites/isoorg/files/store/en/PUB100435_preview.pdf.
  10. İdrak Nəzərov. İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqinin faydaları və qarşıya çıxan maneələr., “Keyfiyyət və menecment” jurnalı N 03, 2008 il.

Partners