Yoxlama vərəqi

Yoxlama vərəqi və ya çek-list verilənlərin toplanılması və təhlili üçün strukturlaşdırılaraq hazırlanmış formadır.

Keyfiyyətin əsas alətlərindən biri kimi yoxlama vərəqin məqsədi sonrakı təhlillər üçün cari hadisələr rejimində məlumatların toplanılmasından ibarətdir. Yoxlama vərəqi eyni zamanda əməliyyatların icrasına nəzarət etmək üçün də istifadə olunur. Yoxlama vərəqinin əsas təyinatı məlumatı asan başa düşülən formada təqdim etməkdir. Yoxlama vərəqi məlumat və ya verilənləri kateqoriyalar üzrə sistemləşdirməyə və təsnifləşdirməyə imkan verir.

Yoxlama vərəqinin istifadəsi çox asandır və hazırlanmasına çox vaxt sərf olunmur. Bu forma insan fəaliyyətinin keyfiyyətə nəzarət ilə əlaqəli bütün sahələrində tətbiq olunur.

Yoxlama vərəqinin funksionallığı çoxyönlüdür və aşağıdakılar üçün istifadə edilə bilər:

  • qüsurların növlərinə görə sayılması;
  • qüsurların aşkar edildiyi yerdə sayılması;
  • qüsurların yaranma səbəblərinə görə sayılması;
  • proses əməliyyatlarının yerinə yetirilməsinin izlənilməsi;
  • məlumatların paylanma formasına nəzarət edilməsi.

Təcrübədə yoxlama vərəqinin hazırlanması və tətbiqi çün aşağıda qeyd olunanlar kifayətdir:

  • müşahidə aparılması zəruri olan hadisənin (uyğunsuzluğun, prosesdəki problemlərin) müəyyən edilməsi;
  • hadisənin izlənilmə intervalının müəyyən edilməsi;
  • məlumat və verilənlərin qeydiyyat formasının hazırlanması;
  • hər dəfə hadisə baş verdikdə məlumatların toplanılması;
  • məlumat və verilənlərin təhlili və onların digər keyfiyyəti idarəetmə alətlərinin köməyi ilə sonrakı emalı.

Yoxlama vərəqi müxtəlif daşıyıçılarda qeyd olunmaqla hazırlana bilər.

Yoxlama vərəqinin ən sadə forma onun kağız variantıdır. Bu forma gündəlik işlərin planlaşdırılması üçün məqbul sayılsa da, lakin istehsal müəssisəsində iş proseslərinə nəzarət etmək üçün qətiyyən yaramır. Çoxlu sayda kağız sənədlərin emalı əslində yoxlamanı asanlaşdırmır, əksinə çətinləşdirir. Siyahıdan təkrar istifadə etmək mümkün olmur, hər bir tapşırıq üçün yeni siyahının hazırlanmasına ehtiyac yaranır. Buna görə də biznesdə və istehsalatda əsasən elektron yoxlama siyahılarından istifadə olunur ki, onları da köçürmək, redaktə etmək, digər işçilərə göndərmək rahat olur.

Excel-də proqramı üzərindən hazırlanan yoxlama vərəqi. Elektron cədvəllər yoxlama vərəqini tərtib etmək üçün adi mətn fayllarından daha yaxşıdır. Onlar yalnız lazımi məlumatları daxil edilməsi üçün deyil, həm də hesablamaların aparılması, nəticələrin sayılması üçün istifadə edilə bilər.

Yoxlama vərəqlərinin konstruktorları. Bu, yoxlama vərəqi hazırlamağın ən müasir və qabaqcıl yoludur. Bu rahat şəkildə, birbaşa mobil cihazda-lazımi tələblər üçün istənilən növ çek-list tərtib etməyə, həm də tapşırıqlar verməyə, icraçıları təyin etməyə, işin gedişatını real vaxt rejimində izləməyə, foto və video təsvirləri əlavə etməyə imkan verir. Bu cür proqramlar vasitəsilə yoxlama vərəqinin tam avtomatlaşdırılmasına nail olunur, onların yaradılması və istifadəsi prosesi kifayət qədər sadələşir və işin effektivliyi artır.

Çek-listin güclü və zəif tərəfləri

Güclü tərəfləri

  • yoxlama vərəqi müxtəlif kvalifikasiya səviyyəsinə malik şəxslər tərəfindən istifadə oluna bilər;
  • əgər çek - list müvafiq şəkildə hazırlanıbsa, onlar qiymətləndirmənin sadə istifadə forması olaraq ekspert qiymətləndirməsinin müxtəlif növlərini özündə birləşdirir;
  • yoxlama vərəqi təşkilatın fəaliyyətində olan daha vacib problemləri nəzərə almağa imkan verir.

Zəif tərəfləri

  • yoxlama vərəqi üzrə iş təhlükələri müəyyən edələrkən, o fikri azad şəkildə ifadə etməyə mane olur;
  • “quş qoymaq” kimi davranış tipini təşviq edir;
  • yalnız müşahidələrə əsaslandığı üçün potensial risklərin görməmək kimi sabit tendensiyaya malikdir;
  • bu metodun tətbiqi zamanı subyektiv qiymətləndirmə riski mövcud olur.

Tərəfdaşlar