Mövzular
Keyfiyyət Quruları
Keyfiyyət anlayışının yayılması və inkişafında böyük rol oynayan və
haqlı olaraq keyfiyyət quruları adlandırılan şəxslər haqqında bütün
zəruri məlumatlar bu bölmədə öz əksini tapmışdır.
-
Uolter Şuxart
Uolter Şuxart
Amerikalı mühəndis-elektrotexnik, keyfiyyətin idarə edilməsi üzrə tanınmış alim. Şuxart 1891-ci ildə İllinoys ştatının Nyu-Kenton şəhərində anadan olmüşdur. O, ilk ali təhsilini İllinoys Universitetində almışdır. 1917-ci ildə 26 yaşında ikən Şuxart fizika üzrə müdafiə edərək doktorluq dərəcəsinə layiq görülmüşdür. O, gənc mütəxəssis kimi əmək fəaliyyətinə 1918-ci ildə Western Electric şirkətinin texniki təftiş idarəsində başlamıidır.
Onun çalışdığı Western Electric şirkəti əsasən telefon avadanlıqlarının istehsalı ilə məşğul olurdu. Həmin dövrdə rabitə xəttlərinin etibarlılığını artırılması və istehsal olunan avadanlıqların keyfiyyətinin yüksəldilməsi Western Electric şirkətinin rəhbərliyini qayğılndıran əsas məsələlərdən biri idi. Şirkətin rəhbərliyi artıq başa düşürdü ki, istehsal prosesində məhsulun keyfiyyətinin aşağı düşməsi bütövlükdə Western Electric ümumi gəlilərinə mənfi təsir göstərir.
Yaranmış problemi həll etmək üçün şirkətdə işlər əsasən iki istiqamətdə aparılırdı: yoxlama və keyfiyyətə nəzarət. 1-ci istiqamət zay məhsulun həm girişdə, həm də çıxışda istehsaldan çıxarılması sisteminin yaradılmasını, 2-ci istiqamət isə istehsal zamanı nöqsanlar və onları doğuran səbəblərin minimum səviyyəyə endirilməsini nəzərdə tuturdu. Bütün bunlar isə şirkətdə ciddi struktur dəyişikliklərinin və texniki-texnoloji yeniliklərin həyata keçirilməsini zəruri edirdi.
1924-cü ildə Şuxart Western Electrik şirkətinin rəhbərliyinə məhsulun keyfiyyətinin idarə edilməsini və ona nəzarətin yeni, diaqramların sıralanma metodu ilə əvəz olunmasını təklif etdi ki, bu da hazırda bütün dünyada Şuxartın nəzarət xəritələri, həmçinin,istehsala nəzarət sxemləri kimi məşhurdur. Bu metodun əsasını proseslər haqda “ilk baxışdan daha çox həcmdə dəqiq informasiya vermək” və əlverişli idarəetməyə yardım etmək prinsipləri təşkil edirdi. Şuxartın təklif etdiyi statistik metodlar müəssisəni idarə edən şəxslərə istehsal prosesində məhsulların keyfiyyətini yüksəltməyə, buunla yanaşı zay məhsulların istehsalını minimuma endirməyə imkan verirdi. Şuxart israr edirdi ki, müəssisədə məhsulların keyfiyyət göstəricilərinin yüksək olması üçün istehsal prosesində statistik nəzarət metodunun tətbiqi zəruridir.
Şuxart tərəfindən əsaslandırılmış bu inqilabi ideya, yalnız yarım əsrdən sonra etiraf olundu, yayıldı və sənaye istehsalında kifayət qədər geniş istifadə edildi. İndi bu dəyişkənlik ( müxtəlif variantlar) nəzəriyyəsi adı ilə qəbul edilmişdir. 1931-ci ildə U.Şuxartın “Sənaye məhsullarının keyfiyyətinin iqtisadi idarə edilməsi” adlı ilk kitabı nəşr edildi. Kitabda nəzarət xəritələrindən istifadə haqqında hesabatlar şərh olunurdu.
1939-cu ildə isə onun, “Keyfiyyətə nəzarət baxımından statistik metodlar” adlı 2-ci kitabı nəşr edildi. Bu kitabında U.Şuxart istehsal proseslərinə və hazır məhsulun keyfiyyətinə nəzarətin təmin edilməsinin statistik metodları üzrə öz elmi işlərinin ümumiləşdirdi. Həmin əsər U.Deminqə də ciddi təsir göstərmiş və sonrakı bütün nəzəriyyələr üçün məhək daşı olmuş və beləliklə də bu sahədə bir çox layihələri inkişaf etdirdirilməsində əsaslı rol oynamışdır. Qeyd edək ki, Şuxartın ideyaları və nəzəri irsi bir çox ölkələrdə iqtisadi quruculuq təcrübəsində geniş istifadə olunur.
U. Şuxart müəssisələrdə keyfiyyətin idarəedilmə sistemlərinin qurulması üzrə özünəməxsus qaydada triada - təxirəsalınmaz tədbirlər planını işləyib-hazırlamışdı. Bu planda aşağıdakılar nəzərdə tutulurdu:
1. məhsulun hər bir hissəsinin hazırlanması üçün spesifik, riyazi əsaslandırılmış tələblərin hazırlanması;
2. nöqsanların qaçılmaz olması və teniki tapşırıqlar zamanı səhvlərin maksimum sayının nəzərə alınması;
3. hazır məhsulda nöqsanların ümumi sayının istehsalın texnologiyasında qabaqcadan nəzərə alınması.
Şuxart belə hesab edirdi ki, onun bu planının həyata keçirilməsi mürəkkəb elektrotexniki qurğuların fasiləsiz istehsalı zamanı çəkilən xərclərin minumuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda bu, bütün menecerlərə standartlara uyğun normalara cavab verən məhsulların istehsalında resurslara qənaət etməyə və xərcləri azaltmağa imkan verir. Şuxartın texnoloji yeniliyi hələ keçən əsrin 30-cu illərindən etibarən ABŞ-ın müxtəlif şirkətləri və dövlət qurumları tərəfindən uğurla tətbit olunurdu. Məsələn, II Dünya müharibəsi ərəfəsində ABŞ-ın hərbi idarəsi silah istehsalı zamanı keyfiyyətə nəzarətdə onun statistik metodlarını tətbiq etmişdi.
Pentaqon rəhbərliyi tərəfindən bu sistemin tətbiqindən əldə olunan nəticələr yüksək qiymətləndirilirdi. Belə ki, müəssisələrdə Şuxartın sisteminin tətbiq edilməsi ilə qısa zaman müddətində və az məsrəflərlə yüksək keyfiyyətli məhsul əldə olunurdu. Qeyd etmək lazımdır ki, Şuxarın texniki proseslərin tənzimlənməsinə dair əsas ideyaları və məhsulun keyfiyyətinə nəzarətdə statistik metodları bütün dünyada məşhurdur.
Onun keyfiyyəti idarəetmənin mərhələli Planlaşdır - İcra Et - Nəzarət Et - Düzəliş Et modeli dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrində geniş yayılmışdır. Böyük nəzəriyyəçi və görkəmli alim U.E. Şuxart 1967-ci ildə ABŞ-da 76 yaşında vəfat etmişdir.
-
Edvards Deminq
Edvards Deminq
XX yüzillik dünyaya keyfiyyət sahəsində məşhur elm adamları, böyük nəzəriyyəçilər bəxş etmişdir. Bu şəxsiyyətlər sırasında bəşər elminə verdiyi töhvəyə görə U.E. Deminq xüsusi yer tutur. Uliyam Edvard Deminq 14 oktyabır 1900-cü ildə ABŞ-ın Ayova ştatında kiçik bir şəhərcikdə anadan olmuşdur. İlk ali təhsilini Vayominq ştatında aldıqdan sonra, o, Uels universitetinin aspiranturasını bitirmişdir və 28 yaşında fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür.
Gənc tədqiqatçı özünün elmi axtarışlarını davam etdirməklə yanaşı, bir müddət London universitetində məşhur alim R.Fişerin riyazi statistikasının nəzəriyyəsi barədə mühazirələrini dinləmişdir. Bu məşhur elm adamı tanınmış Amerika statistiki Y. Şuxartın istehsal proseslərinin tənzimlənməsi barədə ideyalarından bəhrələnmiş və bu metodları inkişaf etdirərək inzibati orqanların fəaliyyətinin xidmət sahəsinə tətbiqinin nəzəri əsaslarını işləyib hazırlamışdır.
O, 1933-1953-cü illərdə ABŞ Kənd Təsərrüfatı nazirliyi nəzdindəki insitutda riyazi statistik kafedraya rəhbərlik etmiş, eyni zamanda müxtəlif ali məktəblərdə mühazirələr oxumaqla aktiv pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
İkinci dünya müharibəsi illərində ABŞ Təhsil nazirliyi, ölkənin bir sıra universitetlərinin tələbələrinə, o cümlədən ABŞ Hərbi nazirliyinin əməkdaşlarına statistik nəzarət metodunun intensiv öyrədilməsi məqsədilə kurslar təşkil etmişdir. Özünün bütün mənalı həyatını keyfiyyət sahəsinə həsr etmiş bu böyük elm adamı 1946-cı ildə təsis edilmiş Amerika Keyfiyyətə Nəzarət Cəmiyyəti tərəfindən Y. Şuxart adına ən yüksək medala layiq görülmüşdür.
Müharibədən sonrakı illərdə E.Deminq Yaponiya iqtisadiyyatının dirçəldilməsi prosesində aktiv iştirak etmiş və bu ölkənin mütəxəssislərinə statistik nəzarət metodunun öyrədilməsində böyük rol oynamışdır. Məhz bu səbəbdən də E. Deminq əksər alimlər tərəfindən haqlı olaraq “yapon möcüzəsinin atasl” hesab edilir. Amerikanın məşhur alimlərindən biri olan doktor C. Curan Deminqin fəaliyyətini yüksək qiymətləndirərək bunu “keyfiyyəti idarəetmə sahəsində inqilab” adlandırmışdır.
Yaponiya özünün bugünkü dinamik inkişafına görə məhz, E.Deminqə borcludur. Çünki, E. Deminqin prinsiplərinin tətbiq edilməsi nəticəsində Yaponiya iqtisadiyyatı yüksək sürətlə inkişaf edərək, keçən əsrin 80-ci illərindən etibarən öz iqtisadi gücünə görə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. “Yapon möcüzəsinin atası” nın adı bu gün də Şərqin bu gündoğan ölkəsində hörmətlə yad edilir.
Doktor Deminq müxtəlif illərdə Yaponiyanın ən ali mükafatları ilə təltif edilmişdir. 1951-ci ildə Yaponiyada E. Deminqin xidmətlərinin tanınması əlaməti olaraq onun adı ilə bağlı mükafat təsis edilmiş və hal-hazırda da keyfiyyətin idarə edilməsi sahəsində uğur qazanmış ayrı-ayrı şəxslər, eləcə də firmalar, şirkətlər bu mükafatla təltif edilirlər.
1960-cı ildə Deminq Yaponiyanın ən ali mükafatı “II dərəcəli müqəddəs xəzinə ordeni”nə layiq görülmüşdür. Halbuki, 1980-ci ilə kimi Deminq ABŞ-da o qədər də tanınmamışdı.
Həmin dövrdə Birləşmiş Ştatlar bir sıra iqtisadi göstəricilərə görə (ümummilli məhsul, əmək məhsuldarlığı, istehsalın səmərəliliyi və s.) Yaponiyadan geri qalırdı. 1979-cu ilin mart ayında ABŞ-ın Noşua şirkətinin başçısı Uilyam Konvey Deminqi məsləhət almaq üçün öz şirkətinə dəvət etdi. Nəticədə Deminqin metodlarını bütövlükdə tətbiq edən Noşua şirkəti bir neçə il ərzində hiss edilmədən gəlirini artırdı və ABŞ-da birinci şirkət oldu. E.Deminq ABŞ qarşısındakı xidmətlərinə görə bu ölkənin bir sıra ali mükafatlarına layiq görülmüşdür.
1987-ci ildə prezident ata C.Buş elm və texnika sahəsindəki xidmətlərinə görə onu milli medalla mükafatlandırmışdı. 1988-ci idə isə Deminq Milli Elmlər Akademiyası tərəfindən elm sahəsindəki xidmətlərinə görə ali mükafatla təltif edilmişdir.
Deminqin zəngin nəzəri irsi, elmi fəaliyyəti bu gün də tədqiqatçılar tərəfindən araşdırılmaqdadır.
Onun 1982-ci ildə yazdığı “Böhrandan çıxış” kitabı bütün dünyada məşhurdur.
Bundan əlavə, alimin 1993-cü ildə dərc olunmuş “Sənaye, hökümət və təhsil sahəsi üçün yeni iqtisadiyyat” kitabı, habelə, idarəetməyə dair onun 14 məşhur prinsipi bütün dünyada böyük marağa səbəb olmuşdur. Hazırda bu prinsiplər dünyanın iqtisadi cəhətdən inkişafı etmiş bütün ölkələrində uğurla tətbiq edilir. Böyük nəzəriyyəçi, fədakar elm adamı olan Uilyam Edvard Deminq 20 dekabr 1993-cü ildə Vaşinqtonda vəfat etmişdir.
-
Cozef Curan
Cozef Curan
Keyfiyyət sahəsində tanınmış simalardan biri, Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) akademiki, doktor C.Curan Amerikanın məşhur alimlərindəndir.
O, 1904-cü ildə Rumıniyada doğulmuşdur.Az sonra atası ABŞ-a mühacirət etmiş və 1912-ci ildə bütün ailəsi ehtiyac ucbatından Minnesota ştatına köçmüşdür. Cozef məktəbdə oxuyarkən elmlərə maraq göstərmiş, yüksək bilik nümayiş etdirmişdir.Riyaziyyat və dəqiq elmlər sahəsidə istedadlı olduğu üzə çıxmışdır. 16 yaşında Minnesota universitetini bitirib, ali təhsil almışdır.1925-ci ildə elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi alır və Çikaqonun məşhur Xotorn zavodunun müfəttişlik bölməsində əmək fəaliyyətinə başlayır. Xeyli problemləri və 40 min fəhləsi olan bu zavodda işlərkən Curanın qazandığı təcrübə, idarəçilik elmində ilk addımlarını atarkən onun köməyinə gəldi.
1951-ci ildə ABŞ-da C.Curanın ilk böyük işi- “Keyfiyyət idarə edilməsi üzrə dərslik” (sorğu kitabı) nəşr olundu. “Keyfiyyətin idarə olunması” anlayışı, ilk olaraq bu kitabda meydana gəldi.Tez bir zamanda populyarlıq qazanan kitabçadan istifadə etməyə başladılar ki, bu da müəllifə məşhurluq gətirdi.Bu kitab işıq üzü görənədək Curan, artıq çoxdan idi ki, Edvard Deminq və keyfiyyə sahəsinin başqa nüfuz sahibləri ilə tanış idi.Özü bu sahənin tanınmış mütəxəssisi ola-ola, Deminqi yüksək qiymətləndirmiş, onun fəaliyyətini “Keyfiyyət idarəetmə sahəsində inqilab” adlandırmışdır.1963-cü ildə, adı çəkilən kitabın daha təkmilləşmiş və genişləndirilmiş 2-ci nəşri dərc olunmuşdu.
Bu dərslikdə əks olunan ideyalar yapon mütəxəssislərinin də diqqətini cəlb etdi. O, 1954-cü ildə Yaponiya Alimləri və Mühəndisləri İttifaqının dəvəti ilə nəinki mühazirələr oxumağa başlayır, hətta konsultasiyalar (məsləhətləşmə) keçirir.Eyni zamanda, Yaponiyada keyfiyyət sahəsində özünün tədqiqatlarını geniş yayaraq, istehsalata tətbiq edir, insanlara öyrədir.Curan Deminqlə birlikdə yapon iqtisadi “möcüzə”sinin yaradıcılarından biri sayılır. Onun xidmətlərinin Yüksək səviyyədə tanınması əlaməti olaraq yaponiya imperatoru Xiroxito xarici vətəndaşlara verilən yüksək mükafatı – II dərəcəli Müəqəddəs Xəzinə ordeni ilə Curanı təltif etmişdir.
C.Curan keyfiyyətə nəzarətdən keyfiyyətin idarə edilməsinə keçid ideyasını ilk dəfə olaraq irəli sürmüş , o cümlədən müəssisələrin idarə edilməsində Pareto prinsipindən istifadəni əsaslandırmışdır.Məşhur “keyfiyyət spiralı (buna “Curan spiralı”da deyilir) da onun tərəfindən işlənib hazırlandı.
Curanın bu spiralı (zamandankənar məkanın modeli) – keyfiyyətin idarə edilməsi üzrə fasiləsiz olaraq artan işlərin əsas mərhələlərini müəyyənləşdirir və özündən sonra bir çox modellərin yaranmasına xidmət edir.
Gördüyü işlərin nəticəsi olaraq Curan, 1964-cü ildə keyfiyyət problemlərinə həsr olunmuş məşhur “Müəssisələrin idarə ediləsində inqilab” kitabını nəşr etdirərək, satışa buraxır.Bu kitabın əsasını keyfiyyətin fəlsəfəsinə aid Curanın ideyası təşkil edirdi.
C.Curan həmçinin, AQİ (Anmal Quality İmproverment) - “keyfiyyətin hər ilin yaxşılaşdırılması” konsepsiyasının müəllifi sayılır. O, hesab edir ki, keyfiyyətin yaxşılaşması – artıq keyfiyyət sahəsində əldə olunmuş, qazanılmış işlərin nəticələrinin yüksəlməsi və insanın daha rekord göstəriciləri müəyyənləşdirməyə can atması ilə əlaqədardır.Menecment fəlsəfəsində onun durmadan yaxşılaşması prinsipi nəzərdə tutulur.
C.Curan tərəfindən keyfiyyətin təminatına iqtisadi yanaşmanın əsasları dürüst və qısaca tərtib edilmişdir. Əgər Curanadək mütəxəssislərin dəyər təhlilindən istifadənin konkret növlərini işıqlandırırdılarsa, ilk dəfə o, kefiyyətin təmin edilməsinə çəkilən xərcləri siniflərə ayırdı; xərcləri dörd əsas kateqoriyaya böldü:
1. Nöqsanların üzə çıxarılmasına çəkilən xərclər;
2. Keyfiyyətin qiymətləndirilməsinə çəkilən xərclər;
3. Məhsulun daxildə istehsalı zamanı zay olması ilə əlaqədar çəkilən xərclərin ödənilməsi;
4. Məhsulun xarici amillərin təsiri nəticəsidə zay olması ilə əlaqədar çəkilən xərclərin qəbul edilməməsi.
Keyfiyyət üzrə mütəxəssislərin hazırlanması, öz ideyalarını təbliğ etmək, keyfiyyət sahəsində metodika və tövsiyələrin hazırlanması, bu sahədə qazanılan çox böyük təcrübəni öyrətmək məqsədi 1979-cu ildə Curan ABŞ-da öz universitetini açır, yəni Keyfiyyət İnstitutunu təşkil edir.
Buna hələ də dörd il qalmış, yəni 1975-ci ildə Avstraliyada Curan adına medal təsis edilmişdi.
1986-cı ildə onun “Keyfiyyət haqqda trilogiyası”(3 cilddən ibarət kitab) işıq üzü görmüşdü. Ümumiyyətlə, Curan keyfiyyət sahəsində 12-dən çox kitabın və 200-elmi işin müəllifidir.Bu məşhur elm adamı, ABŞ-ın və bir sıra xarici ölkələrin institut və universitetlərinin fəxri doktorudur.
Curan 1992 –ci ildə texnalogiya sahəsindəki nailiyyətlərə görə ABŞ Elmlər Akademiyası tərəfindən milli medalla təltif edilmişdir.
-
Kaoru İşikava
Kaoru İşikava
Keyfiyyəti idarəetmə sahəsində tanınmış yapon alimi
Yaponiyada keyfiyyəti idarəetmə sahəsinin inkişafında müstəsna xidmətləri olan alimlərdən biri də Kaoru İsikavadır. Bir çoxları ikinci dünya müharibəsindən sonra dağıdılmış Yaponiya iqtisadiyyatının dirçəldilməsini və inkişafını məhz onun adı ilə əlaqələndirirlər.
Kaoru İsikava (1915-1990) Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Ali təhsilini Tokio Universitetində almışdır. Universitetin tətbiqi kimya fakültəsini bitirən Kaoru İsikava 1939 - cu ildə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətdə çalışmışdır.
Burada bir müddət fəaliyyət göstərən İsikava 1939-1941-ci illərdə Yaponiya Hərbi Dəniz Qüvvələrində texniki mütəxəssis kimi xidmət etmişdir. Hərbi xidmətdə olduğu illərdə o, əsasən gəmilərin şəxsi heyətinin təhsili və təlimi ilə məşğul olmuşdur. Hərbi xidməti bitirdikdən sonra İsikava əvvəlcə sənaye sahəsində çalışmış, daha sonra isə Tokio Universitetində elmi fəaliyyətlə məşğul olmuşdur.
Bu ali məktəbdə çalışdığı illərdə o, statistik analiz metodları ilə maraqlanmış və 1943-cü ildə məşhur “İsikava diaqramı”nı işləyib hazırlamışdır. Texniki mütəxəssis kimi İsikava təsadüfi kəmiyyətlərin analizinin və onun nəticələrinin interpretasiyasının çətinliyini yaxşı başa düşürdü. Məhz bu problemlərin mövcudluğu onda statistikaya və statistik metodların öyrənilməsinə xüsusi maraq oyatmışdı.
1949-cu ildə İsikava Yaponiya Alim və Mühəndislər Cəmiyyəti (JUSE) tərəfindən keyfiyyətə nəzarət (KN) və onda statistik metodlardan istifadə edilməsi ilə bağlı problemləri araşdıran tədqiqat qrupuna dəvət olundu.
Ömrünün demək olar ki, qırx ilini bu problemin araşdırılmasına həsr edən və yapon “iqtisadi möcüzəsinin” müəlliflərindən biri olan İsikava belə hesab edirdi ki, müasir dövrdə keyfiyyət dedikdə yalnız məhsulun keyfiyyəti başa düşülməməlidir, çünki keyfiyyət həm də satışdan sonrakı serviz xidmətini, idarəetməni, bütövlükdə isə həmin məhsulu istehsal edən şirkəti və onun hər bir əməkdaşının fəaliyyətini əhatə etməlidir.
Alimin fikrincə, keyfiyyətə (Ümumi keyfiyyətin idarə edilməsinə) bu cür münasibət nümayiş etdirən müəssisələr bir qayda olaraq aşağıdakı nəticələrə nail olurlar:
- məhsulun keyfiyyəti yaxşılaşır və zay məhsul azalır;
- məhsulun etibarlılığı artır;
- xərclər aşağı düşür;
- istehsal olunan məhsulun həcmi artır və daha səmərəli istehsal qrafiklərinin tərtib olunması imkanları yaranır;
- lüzumsuz və artıq işlərin həcmi azalır;
- iş metodikaları işlənib hazırlanır və təkmilləşdirilir;
- zəruri sınaqlar və keyfiyyətin yoxlanılmasına çəkilən xərclər azalır;
- malgöndərənlərlə müştərilər arasındakı münasibətlər daha da yaxşılaşır;
- satış bazarları genişlənir;
- müəssisənin şöbələri arasında sıx əlaqələr yaranır;
- məlumatların və hesabatların saxtalaşdırılması halları kəskin surətdə aşağı düşür;
- problemləri azad və demokratik şəkildə müzakirə etmək imkanları yaranır;
- iclaslar daha mütəşəkkil şəkildə keçirilir;
- maşın və avadanlıqların quraşdırılması və təmiri səmərəli şəkildə həyata keçirilir;
- insanlar arasında münasibətlər yaxşılaşır.
Keyfiyyətə kompleks yanaşmanın müəlliflərindən biri olan İsikava, Yaponiyada keyfiyyəti idarəetmə standartlarının tətbiqinə çalışır və bu prosesdə Sənaye standartları üzrə yapon şurası (JIS) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə sıx əməkdaşlıq edirdi.
Bu əməkdaşlığın nəticəsi kimi o, 1977-ci ildə ISO-nun Yaponiya şöbəsinin sədri, 1981-ci ildə isə bu mötəbər beynəlxalq təşkilatın icraiyyə komitəsinin üzvü seçilmişdir. ISO-nun rəhbər strukturunda təmsil olunması İsikavaya standartlaşdırma ilə bağlı beynəlxalq səviyyədə gedən proseslərdə aktiv iştirak etmək imkanı verirdi.
O, keyfiyyətin minimum səviyyəsinə nail olunmasının məqbul yolunu beynəlxalq standartların tətbiqində görürdü. Alimin fikrincə, beynəlxalq standartlara uyğun effektiv keyfiyyəti idarəetmə sisteminin qurulması məhsul və xidmətlərin keyfiyyətini yüksəltməklə, son nəticədə müştəri məmnuniyyətinin təmin edilməsinə gətirib çıxaracaq.
Beynəlxalq standartların tətbiqi ilə yanaşı İsikava, həm də müəssisələrdə keyfiyyətə nəzarətin həyata keçirilməsini vacib amillərdən biri hesab edirdi. İsikavaya görə, keyfiyyətin effektiv idarə edilməsi aşağıdakı elementləri özündə ehtiva etməlidir:
- məhsul və xidmətlərin keyfiyyətinə nəzarət;
- qiymət, gəlir və xərclər üzərində inteqrasiya olunmuş nəzarət;
- etibarlı təchizat və satış sxemlərinə nəzarət.
Keyfiyyəti idarəetmə sahəsinin tanınmış alimlərindən olan A. Feygenbaum kimi İsikava da müəssisələrdə ümumi keyfiyyətə nəzarətin həyata keçirilməsinin fəal tərəfdarlarından biri idi. O, keyfiyyətə korporativ nəzarət zamanı statistik metodlardan istifadənin vacibliyini xüsusi olaraq qeyd edir və həmin metodları müvafiq olaraq üç qrupa bölürdü: ən bəsit səviyyə, aralıq səviyyə, daha yüksək səviyyə.
Isikavaya görə, hətta ən bəsit statistik metodlardan istifadə etməklə müəssisələrdə yaranan problemlərin 90-95%-ni həll etmək olar. Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada “səbəb-nəticə” və yaxud “balıq skleti” kimi tanınan İsikava diqramı müəssisə menecerlərinə proseslər zamanı meydana gələn potensial problemlərin yaranma səbəblərini təhlil etməklə, onların effektiv həllinə nail olmağın yollarını göstərir.
İsikava potensial problemlərin analizi zamanı müəssisədə aşağıdakı addımların atılmasını vacib hesab edirdi:
- problemin müəyyən edilməsi;
- problemin əsas səbəblərinin müəyyən edilməsi;
- hər bir əsas səbəbi doğuran aralıq səbəbi müəyyənləşdirmək üçün kollektivdə yaradıcı ideyaların aşkar edilməsi;
- təsir imkanları daha yüksək və daha aşağı səviyyədə olan səbəblərin müəyyən edilməsi;
- məlumatları toplanılmaqla ehtimal olunan səbəblərin yoxlanılması və analiz vasitəsilə onların tədqiq edilən problemə təsirinin müəyyənləşdirilməsi.
İsikavaya görə, məhsul istehsalı və xidmət göstərilməsi prosesində yaranan potensial problemlər və onların səbəbləri bir sıra amillərlə (istifadə olunan metodlar, materiallar, işçi qüvvəsi, avadanlıq, xarici mühit və s.) əlaqəlidir.
Keyfiyyətə daha geniş mənada yanaşan İsikava, onu təkcə məhsulun keyfiyyəti kimi deyil, həm də satışdan sonrakı xidmətin keyfiyyəti, bütövlükdə isə şirkətin və onun hər bir işçisinin effektiv fəaliyyətinin nəticəsi olaraq qiymətləndirirdi. Isikavanın konsepsiyasının əsasında insan fəaliyyətinin bütün sahələrində keyfiyyətin yaxşılaşdırılması ideyası dururdu.
Bununla əlaqədar olaraq böyük alim yazırdı: “Keyfiyyət abstrakt kateqoriya deyildir, o hər bir insanın hiss etdiyi, istənilən işin konkret olaraq məqsədəuyğunluğunu, faydalılığını və effektivliyini ölçən alətdir.
Keyfiyyətin yüksəldilməsi məhsulun həyat tsiklinin bütün mərhələlərində (marketinq – işlənib hazırlanma – istehsal – istehlak – utilizasiya) xərclərin (itkilərin) azaldılmasına və beləliklə də, məhsulların maya dəyərinin, qiymətlərinin aşağı düşməsinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır”. İsikava məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsini hər bir şirkətin və bütövlükdə ölkənin iqtisadi uğur qazanmasının əsas şərti hesab edirdi.
Elmi axtarışlarla zəngin olan fəaliyyətinin böyük bir hissəsini keyfiyyəti idarəetmənin inkişafına sərf etmiş böyük alim İsikava xüsusi xidmətlərinə görə 1952-ci ildə yaponlar arasında ilk dəfə bu sahədə ən ali mükafat - “Deminq adına mükafat”a, həmçinin müxtəlif illərdə digər nüfuzlu mükafatlara layiq görülmüşdür.
İsikava “Keyfiyyətə nəzarət üzrə rəhbərlik ”, “Ümumi keyfiyyəti idarəetmə nədir? Yapon yolu “, “Keyfiyyəti idarəetmənin yapon metodları” və s. əsərlərin müəllifidir.
-
Armand Feygenbaum
Armand Feygenbaum
Tanınmış amerikan mütəxəssisi, keyfiyyətin kompleks idarə edilməsi (TQC) nəzəriyyəsinin banisi, Beynəlxalq Keyfiyyət Akademiyasının akademiki, Amerika Keyfiyyət Təşkilatının keçmiş sədri və onun fəxri üzvü. Armand Vollin Feygenbaum 1922-ci ildə ABŞ-ın Nyu-York Siti şəhərində anadan olmuşdur. 1950-ci illərin əvvəllərində o, ilk təhsilini Yunion kollecində almış, daha sonra isə Massaçuset Texnoloji İnstitutunu bitirərək bakalavr, magistr və fəlsəfə doktoru elmi dərəcələrinə yiyələnmişdir.
1958-68-ci illərdə Feygenbaum “General Electric” şirkətində istehsal üzrə direktor vəzifəsində çalışmışdır. “General Electric”-də işlədiyi illərdə Feygenbaum tərəfindən müəssisələrin kompleks idarə edilməsi konsepsiyası (TQC) işlənib hazırlanmışdır.
1951-ci ildə nəşr etdirdiyi “Quality Control: Principles, Practices and Administration” (“Keyfiyyətə nəzarət: prinsiplər, təcrübə və idarəetmə”) kitabında Feygenbaum keyfiyyətə münasibətdə sistemli yanaşmanın həyata keçirilməsi ideyasını irəli sürür və bu prosesdə təkcə istehsalın deyil, bütün funksiyaların iştirakının vacib olduğunu qeyd edirdi.
TQC konsepsiyasına görə keyfiyyətin idarə edilməsi məhsulun yaradılmasının bütün mərhələlərini, o cümlədən müəssisədə iqtisadi, texniki, təşkilati və sosial-psixoloji tədbirlərin həyata keçirilməsi zamanı idarəetmə iyerarxiyasının bütün səviyyələrini əhatə etməlidir. Kompleks idarəetmənin effektiv işləməsinə nail olmaq üçün müəssisələr onu məhsulun yaradılmasının ilkin mərhələlərində layihələndirməli və həyata keçirməlidirlər. Feygenbauma görə keyfiyyəti idarəetmə planlaşdırılmalı və standartlara uyğun tətbiq edilməlidir. Bunun üçün müəssisələrdə keyfiyyət xərclərinin ciddi hesabatı aparılmalıdır.
Keyfiyyət menecmenti sahəsində Feygenbaum aşağıdakı konsepsiyaları işləyib hazırlamışdır:
- Müəssisələrdə keyfiyyətin təmin edilməsinin, işlək vəziyyətdə saxlanmasının və yaxşılaşdırılmasının inteqrasiya olunmuş effektiv sistemini özündə ehtiva edən “Keyfiyyətə Ümumi Nəzarət ” konsepsiyası.
- Bu istehsalın və xidmətin iqtisadi effektivliyinin artırır və öz növbəsində müştəri məmnuniyyətinin təmin edilməsinə imkan verir;
- “Gizli” istehsal konsepsiyası. Bu konsepsiya hər hansı təşkilat daxilində istehsal səhvlərinin aradan qaldırılmasına yönəldilmiş fəaliyyətləri nəzərdə tutur;
- Keyfiyyətə görə məsuliyyət. Keyfiyyətin təmin edilməsi hər bir müəssisə və təşkilatda çalışan əməkdaşların fəaliyyətindən bilavasitə asılıdır.
- Məhsulların və xidmətlərin keyfiyyətinin yüksəldilməsində müəssisə və təşkilat əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Ali rəhbərlərin əsas vəzifəsi işçilər arasında məsuliyyət bölgüsünün düzgün müəyyən olunması yolu ilə müəssisənin effektiv idarə edilməsini həyata keçirməkdir;
- “Keyfiyyətin təmin edilməsi üçün xərclər” konsepsiyası.
Feygenbauma müəssisə və təşkilatların uğurlu fəaliyyət göstərməsində keyfiyyət amilinin rolunu yüksək qiymətləndirirdi. Bununla əlaqədar olaraq böyük alim yazırdı: ”Keyfiyyəti mühəndislər, marketinq xidməti və ya ali rəhbərlik deyil, müştəri müəyyən edir. Bu bazar rəqabəti şəraitində müştərinin dərk edərək və ya öz hissiyyatları ilə, texniki cəhətdən əsaslandırılmış və ya çox vaxt subyektiv xarakter daşıyan, onun tələblərinə münasibətdə məhsul və xidmətlərə verdiyi bəyan edilmiş və edilməmiş faktiki qiymətləndirməyə əsaslanır ”. Feygenbauma görə məhsul və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin həllində müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasındakı münasibətlər mühüm rol oynayır. Bu münasibətlərin düzgün qurulması və tənzimlənməsi müəssisə rəhbərləri tərəfindən keyfiyyətin təmin edilməsinin başlıca amillərindən biri kimi nəzərdən keçirilməlidir.
Feygenbaum keyfiyyətin ümumi anlayış olaraq aşağıdakı əlamətlərini qeyd edirdi.
1. Keyfiyyət - bütün şirkəti əhatə edən prosesdir.
2. Keyfiyyət - müştərinin onun haqqıdüşüncələrini ifadə edir.
3. Keyfiyyət və xərclər bir-biri ilə əlaqəlidir (xərclər keyfiyyətdən çıxılmır, ancaq ona əlavə edilir).
4. Keyfiyyət fərdi və komanda şəklində fəaliyyəti tələb edir.
5. Keyfiyyət idarəetmə üslubudur.
6. Keyfiyyət və innovasiyalar bir-birini tamamlayır.
7. Keyfiyyət - bu etikadır
8. Keyfiyyət daimi yaxşılaşdırma tələb edir.
9. Keyfiyyət –məhsuldarlığın artırılmasının ən qənaətcil və kapitaltutumlu vasitəsidir.
10. Keyfiyyətin əsasını tədarükçüləri və istehlakçıları əhatə edən keyfiyyətə ümumi nəzarət sistemi təşkil edir.
Keyfiyyətə ümumi nəzarət nəzəriyyəsinin banisi kimi Feygenbaum keyfiyyət və idarəetmə sahəsindəki xidmətlərinə görə dünyanın nüfuzlu təşkilatları tərəfindən bir çox mükafatlara layiq görülmüşdür. Bu mükafatlar sırasında Amerika Keyfiyyət Cəmiyyətinin təsis etdiyi Lankaster mükafatı və Edvars adına medalı, Sənaye təhlükəsizliyinin milli assosiasiyasının fəxri mükafatı, Yunion kollecinin banilərinin medalı və s vardır.
-
Geniçi Taquti
Geniçi Taquti
1950-ci ildə Taquti "Nippon Telephone and Telegraph" şirkətinin yeni yaradılmış elektrorabitə laboratoriyasında işləməyə başladı və mühəndislərə daha mütərəqqi iş metodlarının öyrədilməsi yolu ilə təcrübi-konstruktor işlərinin effektivliyinin yüksəldilməsinə zəmin yaratmağı qarşısına məqsəd qoydu. Bu laboratoriyada 12 il işlədi və məhz bu dövrdə o sənaye müəssisəsinə fəal məsləhət verilməsi üzrə öz metodlarını işləməyə başladı. 50-ci illərin əvvəllərində “Toyota” şirkəti və onun filialları da daxil olmaqla Yaponiya şirkətləri onun metodlarını geniş tətbiq etməyə başladılar.
1951-ci ildə Taqutinin ilk kitabı nəşr edildi. Bu kitab “ortoqonal yerləşmə” mövzusuna həsr olunmuşdu.
1954-1955-ci illər ərzində Taquti hind alimi P.Mahalanolusun tövsiyəsi ilə Hindistan Statistika İnstitutunda dəvət edilmiş və həmin institutda professor kimi işləmişdir. Hindistan Statistika İnstitutunda Taquti P.Fişer və V.Şuxart kimi məşhur statistika mütəxəssisləri ilə tanış olmuşdur. 1957-1958-ci illərdə alimin “Təcrübələrin planlaşdırılması” ("Design of Experiments") adlı ikicildli kitabının birinci nəşri çapdan çıxmışdır.
1962-ci ildə Taquti Prinston Universitetinə (ABŞ) tədqiqatçı kimi dəvət olunmuş və burada o "AT & T” şirkətinin "Bell Laboratories" laboratoriyası ilə tanış olmuşdur. Taquti Prinstonda tanınmış statistikaçı Con Tyuk tərəfindən qəbul edilmiş və bu laboratoriyada sənaye statistikaçıları ilə işləməyə başlamışdır. Elə bu ildə Kyuşu Universiteti tərəfindən ona doktorluq elmi dərəcəsi verilmişdir.
1964-cü ildə Taquti Tokioda Aoyama Qakuin Universitetinin professoru adına layiq görülmüş və 1982-ci ilə qədər bu vəzifədə çalışmışdır.1966-cı ildə “Yekun nəticələrin idarə olunması” ("Management by Total Results") kitabı çapdan çıxmış və Taquti həmin kitabın müəlliflərindən biri olmuşdur. Qeyd olunan kitab sonralar Yun Vu tərəfindən çin dilinə tərcümə edilmişdir. Həmin dövrdə Taqutinin metodları artıq Hindistan və Tayvan kimi ölkələrdə (əsasən istehsal proseslərində) tətbiq olunurdu, amma Qərbdə hələ az tanınmışdı. Taquti metodlarının məhsulun işlənilməsi və layihələndirilməsi üçün istifadə olunmasına keçid keçən əsrin 80-ci illərində baş verdi.
XX əsrin 70-ci illərinin əvvəllərində Taquti Keyfiyyət itkisi funksiyası (Quality Loss Function) konsepsiyasını işləyib hazırladı. Həmin illərdə onun daha iki kitabı çap olundu və “Təcrübələrin planlaşdırılması” kitabının üçüncü (sonuncu) nəşri işıq üzü gördü. Keyfiyyət sahəsindəki xidmətlərinə görə Taquti bir sıra mükafatlara layiq görülmüşdür. O, 1951 və 1953-cü illərdə keyfiyyətə dair yazdığı elmi əsərlərə və 1960-cı ildə yeni metodların tətbiqinə görə Deminq mükafatını almışdır.
1980-cı ildə Taquti ABŞ-a emiqrasiya etmiş Yun Vunun şirkətində məruzə ilə çıxış etməyə dəvət olunmuşdur. Həmin dövrdə Taquti Yaponiya Keyfiyyət Akademiyasının direktoru idi. Onu da qeyd edək ki, ABŞ-a səfər zamanı Taquti yenidən "Bell Laboratories"-ə baş çəkmiş və orada onu Madxav Fadke qəbul etmişdir. Dil çətinliyinə baxmayaraq, burada təcrübələr müvəffəqiyyətlə başa çatmış və nəticədə Taquti metodları "Bell Laboratories"-də qəbul edilmişdir.
Keçən əsrin 80-ci illərindən etibarən Taquti metodlologiyası getdikcə daha çox Amerika istehsalçıları (məsələn, “Kseroks”, “Ford”, İTT şirkətləri) tərəfindən tətbiq olunmağa başlamışdır. 1982-ci ildə Taquti Yaponiya Standartları Assosiasiyasına məsləhətçi kimi dəvət olunmuşdur. 1983-cü ildə o Amerika Tədarükçülər İnstitutunda icraçı direktor təyin edilmişdir. Bu institutda həmçinin onun oğlu Şin də işləyirdi.
1984-cü ildə Taquti keyfiyyət üzrə kitabına görə yenidən Deminq mükafatına layiq görülmüşdür. 1986-cı ildə Beynəlxalq Texnologiya İnstitutu onu Villard Rokuell medalı ilə təltif etmişdir. Ancaq Taquti metodları Avropada hələ böyük təəssürat yaratmamışdı. Böyük Britaniyada Statistikaçılar İnstitutu 1987-ci ildə Taquti metodları üzrə ilk konfrans təşkil edəndə vəziyyət tamam dəyişdi. Həmin il Birləşmiş Krallıqda kommersiya məqsədi ilə Stastistikaçılar İnstitutunun nəzdində fəaliyyət göstərən Taquti Klubu yaradıldı. Bu klubun üzvləri müxtəlif ölkələrdə müxtəlif fəaliyyət sahələrini (idarəetmə, layihələndirmə, istehsal, mühəndis təminatı və keyfiyyət) təmsil etməyə başladılar. Bununla yanaşı klubun fəaliyyəti qeyd olunan metodların inkişafı, yayılması və Böyük Britaniya sənayesində tətbiqi məqsədilə açıq məlumat və ideya mübadiləsinə yönəldildi.
Taquti keyfiyyət sahəsində ən nüfuzlu mükafatların laureatıdır . Deminq adına mükafata o, 4 dəfə layiq görülmüşdür. XX əsrin 40-cı illərinin sonundan Taquti sənaye prosesləri və məhsullarının təkmilləşdirilmə məsələlərini öyrənmişdir. Alimin tədqiqatları təcrübələrin planlaşdırılması və keyfiyyətə nəzarətin statistik metodlarına aid riyazi statistika ideyalarının inkişaf etdirilməsində əvəzsiz rol oynamışdır. O, keyfiyyətin təmin olunması sahəsində təcrübələrin planlaşdırılmasını gerçəkliyə çevirən nisbətən sadə və inandırıcı arqument və üsullar tapmışdır. Öz yanaşmasının əsas fərqli xüsusiyyətini Taquti məhz bunda görürdü.
İşləyib hazırladığı konsepsiyanı “keyfiyyətin injinirinqi” adlandıran Taqutinin ideyaları 30 il ərzində Yaponiyada mühəndis təhsilinin bazasını təşkil etmiş və bu ölkədə onun 7 cildlik seçilmiş əsərləri nəşr edilmişdir. ABŞ-da bu metodlar 1983-cü ildən (ilk dəfə Ford Motors şirkəti öz mühəndislərini bu metodlarla tanış etməyə başlayan andan) tanınmağa başlanmışdır.
-
Filip Krosbi
Filip Krosbi
F.B.Krosbi-keyfiyyət sahəsində tanınmış, məşhur Amerika alimi, Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) akademiki.
Filipp Boyard Krosbi1926-ci ildə Şərqi Virciniyanının Viilinq şəhərində anadan olmuşdur. F.Krosbi 1952-ci ildə biznes aləminə kiçik texnik vəzifəsində qədəm qoyanda onun keyfiyyətə baxışı tamamilə adi idi. Hazırlanan hər hansı məhsul istehsalçı tərəfindən qoyulan tələblərə uyğun gəlmirdi.
Müştərilərə keyfiyyətli məhsul vermək üçün məsul olanlar, yəni keyfiyyəti idarə edən və ona nəzarət qoyanlar (keyfiyyət şöbələri) buraxılan nöqsanlara əhəmiyyət vermir və bu işə formal yanaşırdılar. Krosbi keyfiyyət sahəsindəki bütün bu nöqsanları bilir və onları aradan qaldırmaq barədə düşünürdü.
Onun keyfiyyət sahəsində təhsili - statistik ehtimal qanunlarına əsaslanan rədd olunmanın (imtinanın) aydınlaşmasına yönəlmişdi.
Krosbi 1955-1957ci illərdə Bendiks Muşavaka ilə işləməyə başlayanda, nöqsanların qaçılmaz olduğu haqqında düşünürdü, amma, ona dəstək verənlər az idi. Səkkiz ildə o, keyfiyyət müfəttişliyindən yüksələrək etibarlılıq və keyfiyyət üzrə şöbənin rəhbəri olmuşdur.
Ona iş prosesində aydın olur ki, son 35 ildə bütün aviasiya-kosmos biznesində heçnə dəyişməyib.
Krosbi təzə bir konsepsiya irəli sürür - “nöqsanaların olmaması”. Və təsdiq edir ki, keyfiyyət – tələblərə əsaslanmalı, “nöqsansız iş” siyasəti aparılmalıdır. Məhz bu siyasətlə maraqlanan NEC şirkətinin prezidenti Kobioşa 1964-cü ildə Yaponiyadan Korsbinin yanına gəlir, bu sistemi qəbul edir və öyrənir.
Bir müddət sonra həmin sistemi öz ölkəsində tətbiq edərək Yaponiyanın iqtisadi yüksəlişinə yardım göstərir.
1965-ci ildə Krosbi NYU - Yorkda yerləşən, 46 ölkədə 400 min əməkdaşı olan AYTİTİ kompaniyasının mənzil qərargahında işə başlayır. Nəticələr çox səmərəli olur. Mehmanxanalar və sığorta əməliyyatları da daxil olmaqla, bu şirkət keyfiyyət standartları ilə tanınırdı və yüz milyonlarla dollara qənaət edilirdi (uyğunsuzluğun qiymətləndirlməsinə görə). Beləliklə, Krosbinin keyfiyyətin dəyər fəlsəfəsindən bəhs edən “Keyfiyyət azaddır: Keyfiyyətə zəmanət bacarığı” kitabı nəşr olunur və az müddətdə iki milyondan artıq tirajla satılır.
Krosbi müştərilərə daha fəal yardım etmək məqsədilə Filipp Krosbi Assouşieyts (FKA) təşkilatını yaradır. Burada o, kütləvi çıxışlar edir, məsləhətlər verir və yazıçılıq fəaliyyəti ilə məşğul olurdu. FKA təşkilatında əsas bölmələrdən biri də Keyfiyyət Kolleci idi ki, orada Krosbinin fikir və ideyalarına uyğun olaraq, firmaların rəhbər heyətinə keyfiyyətin təmin edilməsi əsaslarını öyrədirdilər.Krosbi liderliyə və insani əlaqələrə, keyfiyyətin idarə edilməsi məsələlərinə həsr olunmuş yüzlərlə məqalə və 13 kitab yazmışdı. O, öz əsərlərində rəhbər işçilərə işi başlanğıcdan düzgün qurmağa öyrədirdi. Krosbi keyfiyyət probleminin həllində müəssisənin səlahiyyətlərini qiymətləndirmə dərəcəsinin universal yolunu təklif etmişdir.
O, bu məqsəd üçün alti parametrdən istifadə edir:
1. Müəssisə rəhbərliyinin problemə münasibəti;
2. Müəssisədə keyfiyyət şöbəsinin statusu;
3. Keyfiyyət probleminə baxış xüsusiyyətləri;
4. Müəssisənin ümumi dövriyəsində keyfiyyətə ayrılan xərclərin faizlə səviyyəsi;
5. Keyfiyyəti yüksəltmək üzrə ölçülər;
6. Müəssisədə keyfiyyətin real vəziyyəti.
7. F. Krosbi həmçinin, liderin qiymətlindirilməsi və müxtəlif səviyyəli rəhbərlərin kamillik dərəcəsi modelinin müəllifi sayılır.
Onun sistemi hökumət də daxil olmaqla sənayenin bütün sahələri üzrə müvəffəqiyyətlə həyata keçirilirdi. Bu təşkilatların yarısı banklar kimi müasir xidmət şirkətləri hesab olunur. Keyfiyyət aləmində əsl inqilab olmuş və bu inqilab indi də bütün dünyaya yayılmaqda davam edir. Krosbi və onun həyat yoldaşı şəxsi həyatlarında da özlərinin keyfiyyət fəlsəfələrini əsas tuturdular. Belə ki, onlar Floridada Peqqi və F.Krosbi sağlamlıq mərkəzlərini Şimali Karolinada Preqqi Krosbi mədəniyyət sarayını, Rollinz kollecinin tam təhsil Proqramını, həmçinin də gənclərlə bağlı bir çox layihələri maliyyələşdirirdilər.
Krosbi ömrünün sonunadək yazıb yaratmış, keyfiyyətin idarə olunmasının sisteminin rəhbərlər tərəfindən başa düşülməsinə kömək məqsədilə müxtəlif ölkələrdə mühazirələr söyləmişdir. Keyfiyyət sahəsi verdiyi dəyərli tövhələrlə bütün dünyada tanınan F.Krosbi 2001-ci ilin avqustunda 75 yaşında vəfat etmişdir
-
Noriaki Kano
Noriaki Kano
Keyfiyyəti idarəetmə sahəsində tanınmış alim və biznes məsləhətçisi, müştəri məmnuniyyətinin təmin edilməsi üzrə məşhur “Kano modelinin” müəllifi.
Noriaki Kano 1940-cı ildə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə oxuduğu illərdə Kano texniki fənnlərə maraq göstərirdi. Orta məktəbi bitirdikdən sonra Kano Tokio Universitetinə daxil olmuş və burada keyfiyyət və idarəetmə məsələlərini dərindən öyrənmişdir. Ali məktəbin bakalavr pilləsini yüksək qiymətlərlə başa vuran Kano təhsilini davam etdirərək Tokio Universitetinin nəzdindəki mühəndis məktəbində magistr və doktor elmi dərəcələrinə yiyələnmiş və bir müddət orada. dərs demişdir. 35 yaşında ikən o, Tokionun tanınmış ali məktəblərindən biri olan Elektro-kommunikasiya Universitetinə dəvət olunmuş və burada elmin idarə edilməsi kafedrasına rəhbərlik etmişdir. Bir müddət elmi axtarışlarla məşğul olan Kano 1980-ci illərin əvvəllərində öz həmkarları ilə birlikdə müştəri məmnuniyyətinin modelləşdirilməsi istiqamətində yeni konsepsiyanın əsasını qoymuşdur.
1982-cü ildə Kano tərəfindən işlənib hazırlanmış “Cəlbedici keyfiyyətin yaradılması” (Attractive Quality Creation) konsepsiyası bilavasitə ciddi elmi axtarışların və müşahidələrin nəticəsi idi. Bu konsepsiya hal-hazırda həm menecment, həm də marketinq tədqiqatlarında kifayət qədər uğurla tətbiq edilir. Kano istehlakçılarda rəğbət hissi yaradan məhsul və xidmətlərin xüsusiyyətlərinin anket vasitəsilə öyrənilməsinin vacibliyini qeyd edirdi. Onun müəyyənləşdirdiyi təsnifata görə malın və ya xidmətin əsas xüsusiyyətləri (“zəruri”, “təkölçülü”, “cəlbedici”) anketdə istehlakçıların tələbatlarına (“gözlənilən”, “arzu edilən”, “valehedici”) bilavasitə uyğun olmalı və bizneslə məşğul olan şəxslər və şirkətlər öz istehsal və satış strategiyalarını bunun əsasında qurmalıdırlar .
Kano qeyd edirdi ki, hər bir məhsulun keyfiyyət göstəriciləri ilə istehlakçıların davranışları arasında birbaşa əlaqə mövcuddur. Onun fikrincə, şirkət və təşkilatlar mənfəəti yalnız öz istehlakçısını tanımaqla və onun tələblərini ödəməklə əldə edə bilərlər. Bunun üçün onlar bazardakı istehlakçıları oxşar xüsusiyyətlərə malik seqmentlərə ayıraraq, hər birinə uyğun marketinq siyasəti işləyib hazırlamalıdır.
Kanoya görə, istehlakçının konkret məhsula olan münasibətinin sorğu anketi vasitəsilə öyrənilməsi sahibkar və şirkətlərə mövcud bazarı təhlil etməklə effektiv istehsal və satış strategiyasını həyata keçirmək imkanı verir. Biznesin müxtəlif sferalarına malik, geniş nomenklaturada məhsul buraxan müasir şirkətlərin çoxu hazırda bazarın cəlbediciliyinin və istehlakçıların davranışının öyrənilməsi zamanı Kano modelindən istifadə edir. Keyfiyyət və idarəetmə sahəsinin inkişafındakı xidmətlərinə görə doktor Noriaki Kano dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən bir sıra mükafatlara layiq görülmüşdür.
1997-ci ildə Yaponiya Alimlər və Mühəndislər Birliyi (JUSE) keyfiyyət sahəsinin inkişafına verdiyi töhfəyə görə Kanonu Deminq medalı ilə təltif etmişdir. Eyni medala o, elə həmin ildə Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən də layiq görülmüşdür. Onun Deminqin xatirəsinə həsr olunmuş illik mühazirələri “XXI əsr üçün biznes strategiyası və yaradıcı keyfiyyətin səviyyəsi ” adı altında nəşr edilmişdir.
2002-2007-ci illərdə Amerika Keyfiyyət Cəmiyyəti Kanonu Е. Jack Lancaster və E. L. Grant medallarına layiq görmüşdür. Doktor Kano 300-dən çox elmi məqalənin, 40-dan artıq kitabın, o cümlədən “Cəlbedici keyfiyyətin yaradılması” və “ Xidmət sahəsində TQM üzrə bələdçi” əsərlərinin müəllifidir. Hal-hazırda Kano dünyanın nüfuzlu biznes məsləhətçisi kimi onlarla yerli və beynəlxalq cəmiyyət və təşkilatların üzvü, eləcə də fəxri üzvüdür.
-
Qreqori Vatson
Qreqori Vatson
Strateji idarəetmə və keyfiyyət sahəsində dünyanın ən tanınmış alimlərindən biri, Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) prezidenti.
Q.Vatson 16 iyul 1948-ci ildə ABŞ-da anadan olmuşdur. 1970-2003 cü illər arasında o, müxtəlif ali məktəblərdə ayrı ayrı ixtisaslar üzrə bakalavr, magistr və elmi dərəcələrə yiyələnmişdir.
Peşəkar məsləhətçi kimi fəaliyyətə Q.Vatson 1980-ci illərdən başlamışdır. O, 1990-cı illərdə ABŞ hökumətinin xüsusi tapşırığı ilə Çin və Çilidə idarəetmə və keyfiyyət sahəsinin inkişafı üzrə dövlət proqramlarının rəhbəri olmuşdur. Beçmarkinqin əsaslarının yaradılması və milli keyfiyyət mükafatlarının təsis edilməsi məqsədilə o, bu ölkələrin hökumət dairələrində seminarlar aparmışdır. Qeyd etmək lazımdır ki, bu ölkələrin iqtisadi yüksəlişində Dr. Vatsonun müstəsna xidmətləri vardır. O,özünün çoxillik peşəkar fəaliyyəti müddətində dünyanın onlarla ölkəsində hökumət və özəl sektor nümayəndələrinə idarəetmə və keyfiyyətlə bağlı təlimlər keçmiş və bu sahədə kadrların yetişdirilməsində böyük rol oynamışdır.
Hazırda onun xidmətlərindən (məsləhətlərindən) dünyanın bir çox məşhur şirkətləri istifadə edir. O, dünyanın Amerikan Express, Du Pont, Ford, Toshiba, Nokia, Exxon, Nestle, Mansanto, Sony, İntel və s. kimi şirkətlərin baş məsləhətçisidir. Q.Vatson 1997-cı ildə “Altı siqma” elmi üsulu üzrə “qara kəmər ustası” adına layiq görülmüşdür.
ASQ (Amerika Keyfiyyət Cəmiyyəti) 2001-ci ildə Q. Vatsonu “keyfiyyət haqqında bilgilər sisteminin inkişafında qiymətli əməyinə görə” Lankaster medalı ilə mükafatlandırmışdır. O həmçinin, Keyfiyyət və Həmiştirakçı Assosiasiyası (AQP) prezidentinin “keyfiyyət sahəsində peşəkar xidmətlərinə görə mükafatına layiq görülmüşdür.
2000-ci ildə ABŞ-ın nüfuzlu “Quality Progress” jurnalı Dr. Vatsonu idarəetmə və keyfiyyət sahəsindəki fəaliyyətinə görə XXI əsrdə dünyanın ən effektiv ekspert-məsləhətçiləri siyahısına daxil etmişdir.
2001-ci ildə Yaponiya alimləri və mühəndisləri İttifaqında hər il keçirilən və E,Deminqin xatirəsinə həsr edilmiş 50-ci yubiley mühazirəsini də o oxumuşdur.
Dr.Vatson bütün dünyada çox böyük tələbatla istifadə edilən keyfiyyət məsələləri üzrə on kitabın müəllifidir. Onun əsərləri dünyanın bir çox ölkəsində nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmişdir.
2007-ci ildə onun əsərləri Amerika Keyfiyyət Cəmiyyəti tərəfindən biznes idarəetmə sahəsində ABŞ-da ən praktiki əhəmiyyətli əsərlər elan olunmuşdur.
Hal-hazırda Dr Vatson Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti, Business Excelence Solutions LTD. şirkətinin rəhbəridir. Eyni zamanda o, Birləşmiş Krallığın (Böyük Britaniya) keyfiyyətin təminatı İnstitutunun, Avstraliya Keyfiyyət Cəmiyyətinin, Bençmarkinq üzrə Qlobal Şəbəkənin (GBN) Asiya və Sakit okean regionu ölkələri Keyfiyyət təşkilatının, Ümumdünya Elm və Mühəndislər Cəmiyyətinin, məhsuldarlığın (səmərəliliyin) elmi əsasları üzrə Ümumdünya şurasının idarə heyətlərinin üzvüdür.
Bundan başqa doktor Vatson 25 ölkənin elm, texnika və keyfiyyət üzrə təşkilat və cəmiyyətlərinin fəxri üzvü seçilmişdir. Bir sözlə o, keyfiyyət sahəsində dahi alim və əfsanəvi şəxsiyyətdir.
Dr. Vatson bu gün dünyanın bir sıra ölkələrinin hökümət və biznes dairələrində böyük nüfuza malikdir. Hazırda o, dünyanın müxtəlif dövlətlərində iri biznes layihələrdə iştirak edir, həm də bir sıra ölkələrin hökümət strukturlarında fərdi məsləhətçi kimi fəaliyyət göstərir.
2008-ci ildə cənab Q.Vatson dünyanın elm və texnika sahəsində göstərdiyi xidmətlərinə görə “İlin adamı” seçilmişdir.