Dünya Qida Təhlükəsizliyi Günü & COVID 19: qida müəssisələri üçün tövsiyələr

İnsanların sağlam yaşamaları üçün yetərli miqdarda, eyni zamanda təhlükəsiz və keyfiyyətli qida qəbul etməsi vacib şərtlərdən biridir. İnsanların zəruri qida məhsulları ilə tələbatın ödənilməsi hər bir ölkə və dövlət üçün mühüm siyasi-ictimai, iqtisadi və tibbi əhəmiyyət kəsb etməklə yanaşı həmin qidaların təhlükəsizliyinin təmin edilməsi məsələsini aktuallaşdırır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir.

Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətqabiliyyətli olması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır.

Məhz buna görə də qida məhsulları istehlakçılarını bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırılmasının, qida təhlükəsizliyi sahəsində idarəetmə və nəzarət tədbirlərinin gücləndirilməsinin, resursların yüksək riskli sahələrə və spesifik problemlərin həllinə yönəldilməsinin əhəmiyyəti, eyni zamanda qida məhsullarının təhlükəsizliyi ilə ərzaq təhlükəsizliyinin sıx bağlı olması, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən 7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü olaraq təsis edilib.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 7 iyunu - Dünya Qida Təhlükəsizliyi Günü COVID-19 pandemiyasının bütün dünya üzrə geniş yayıldığı bir vaxta təsadüf edir. Bu pandemiya şübhəsiz ki, milli hökumətlərin, müəssisələrin diqqətini insanların sağlamlığının qorunmasına və qida təhlükəsizliyinin təmin edilməsinə və yaxşılaşdırılmasına yönəldib.

COVID-19 və qida təhlükəsizliyi

Dünya SARS-CoV-2 virusunun səbəb olduğu COVID-19 adlanan görünməmiş bir pandemiya təhlükəsi ilə üz-üzədir. Bir çox ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiyanın ötürülməsinin qarşısının alınması və ya azaldılması üsullarından biri kimi fiziki məsafənin qorunub saxlanılması üzrə tətbiq etdiyi qaydalara riayət edirlər.

Bu tədbirlərin həyata keçirilməsi bir çox müəssisələrin, məktəblərin və təhsil müəssisələrinin bağlanmasına, habelə gediş-gəlişin məhdudlaşdırılmasına və sosial tədbirlərin ləğvinə gətirib çıxarıb. Bəzi insanlar üçün evdə işləmək, uzaqdan fəaliyyət göstərmək və onlayn şəkilində görüşmək və müzakirə aparmaq artıq adi bir hala çevrilib. Ancaq, qida sahəsində çalışan işçilər üçün evdə işləmək imkanı yoxdur, onlar fəaliyyətlərini özlərinin iş yerlərində davam etdirmək məcburiyyətindədirlər.

Qida müəssisələrində çalışan və təchizat zəncirində iştirak edən bütün mütəxəssislərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi hazırkı pandemiya dövründə mühüm əhəmiyyət kəsb edir.

Bu gün qida təchizat zəncirinin dəstəklənməsi bütün maraqlı tərəflərin təşviq etməli olduğu vacib bir funksiyadır. Bu qida məhsullarının təhlükəsizliyi və əlçatan olması baxımından istehlakçılarda inam və əminliyin yaradılması üçün lazımdır.

Bunun üçün hər bir qida istehsalı müəssisəsi qida təhlükəsizliyi risklərinə nəzarəti təmin etmək və qida çirklənməsinin qarşısını almaq üçün risklərin təhlili və kritik nəzarət nöqtələri (HACCP) prinsiplərinə əsaslanan Qida Təhlükəsizliyi İdarəetmə Sistemlərinə (FSMS) malik olmalıdır.

COVID-19-un qida məhsulları vasitəsilə potensial ötürülməsi ehtimalı

İnsanların qida və ya qida qablaşdırması yolu ilə COVID-19-a yoluxması ehtimalı son dərəcə aşağıdır. COVID-19 tənəffüs yolu xəstəliyidir və onun əsas ötürülmə vasitəsi insandan insana təmas yolu ilə, öskürən və ya asqıran bir insandan digər insana bilavasitə damla şəklində keçməsidir.

Bununla yanaşı o da qeyd edilməlidir ki, bu virusun insanlara qida və ya qablaşdırma yolu ilə ötürülməsinə dair hər hansı bir dəlil yoxdur. Ümumiyyətlə, koronovirusların qida məhsullarında çoxalması ehtimalı demək olar ki, sıfıra bərabərdir. Koronavirusların inkişaf etməsi, çoxalması üçün onlara insan və ya heyvan orqanızmı lazımdır.

Lakin son müşahidələr və tədqiqatlar virusun müxtəlif səthlərdə (plastik və ya paslanmayan metal səthlərdə) müəyyən müddət üçün qala biləcəyinə dair faktları üzə çıxarıb.

Ona görə də qida müəssisələri məhsul istehsalı və emalı və iş mühitində (qida təhlükəsizlıyi üzrə təhlükələr də daxil olmaqla) çirklənmələrin qarşısının alınması və/və ya azaldılması məqsədilə təmizləmə və dezinfeksiya, şəxsi gigiyana üzrə müvafiq tədbirləri həyata keçirməlidir. Müəssisənin və müəssisədəki avadanlığın təmizliyi və gigiyenası ilə bağlı bütün prosedurlar sənədləşdirilməli və onlara riayət olunmalıdır. Gigiyena proqramı işlək vəziyyətdə olmalıdır. İstehsal sahəsinə daxil olan bütün işçilər şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Bundan başqa maska və əlcək kimi fərdi qoruyucu vasitələrdən istifadə edilməlidir.

İş yerlərində COVID-19-un yayılmasının qarşısının alınması

Qida istehsalı müəssisələrində işləyən personal COVID-19-un yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər barədə yazılı təlimatlarla təmin edilməlidir.

İşçilərin məlumatlandırılması məqsədilə təlimatlar çoxaldılaraq müəssisənin giriş-çıxış qapılarında, bütün istehsal və sanitar-məişət otaqlarında, xammal və hazır məhsul anbarlarında və s. yerlərdə asılmalıdır. İşçilərin gün ərzində digər insanlarla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən uniforma (maska, başlıq, əlcək, ayaqqabı, (onlar hər hansı səbəbdən çirkləndikdə dəyişilməlidir) ilə təmin edilməli, uniformalar gündəlik yuyulmalı, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə edilməlidr.

İstehsal olunan məhsulların qablaşdırılması, daşınması və nəqliyyata yüklənməsinin yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçilər tərəfindən həyata keçirilməlidr. Eyni zamanda müəssisədəki sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri mütəmadi təftiş edilməli və təmizlənməli, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin saxlanması və mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması təmin edilməlidir.

Şəxsi gigiena

Əllər tez-tez bol sabun və axar su ilə mükəmməl yuyulmalı, strateji əhəmiyyətli yerlərdə və iş yerlərində əllərin dezinfeksiyası üçün cihazlar quraşdırılmalıdır. Müəssisələrdə əllərin düzgün yuyulma qaydalarını izah edən plakatların asılması faydalı ola bilər.

Virusun bütün izlərini aradan qaldırmaq üçün əllər minimum 20 saniyə ərzində bol sabun və ya yuyucu vasitə və axar su ilə yuyulmalıdır.

İstehsal sahələrində və iş yerlərində əmək gigiyenası

Qida istehsalı müəssisələrində istehsal avadanlıqları, cihazlar, iş masaları, tutacaqlar, telefonlar, ofis avadanlıqlarının, eləcə də qapı və mebellər mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Virusun izlərini silmək üçün səthlər spirt, hidrogen peroksid və xlor təkibli vasitələrlə (62-71%-dən az olmayan etanol, 0,5%-li hidrogen xlorid və ya 0,1%-li natrium hipoxlorid) 1 dəqiqədən az olmayaraq təmizlənməlidir.

Sosial məsafəyə riayət edilməlidir. Bir-biri ilə yaxın əlaqədə olan işçilərin sayının azaldılması üçün mümkün olan hər yerdə işçilər arasında məsafə artırılmalıdır (2 metr və daha çox), imkan daxilində evdən işləmək üsulu və uyğunlaşan iş qrafiki tətbiq olunmalıdır. Vacib olmayan bütün səfər və görüşlər, ezamiyyələr təxirə salınmalı, vacib görüşlər və müzakirələr mümkün qədər birbaşa videokonfrans şəklində aparılmalıdır.

COVID-19 şübhəsi olan şəxslərlə davranış

İş yerində COVID-19-a yoluxma əlamətləri (qızdırma, halsızlıq və quru öskürək) aşkar edildiyi hallarda dərhal tibbi yardım üçün müraciət edilməlidir. COVID-19 şübhəsi olan şəxsin toxunduğu bütün əşyalar və səthlər, həmçinin iş yeri dezinfeksiya edilməlidir. Bundan əlavə, həmin şəxsin təmasda işlədiyi bütün şəxslər müəyyən edilməli və koronavirusa qarşı test olunmalıdır.

Hazırladı:
Yusif Həkimov

“SƏBA” ASC, ət emalı sahəsinin müdiri, “İstehsalat gəlir mərkəzi” departament idarəetmə şurasının üzvü
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, “Qida təhlükəsizliyinin idarə edilməsi” üzrə işçi qrupunun üzvü

Tərəfdaşlar