Qida təhlükəsizliyi

Qida zəncirində iştirak edən təşkilat və istehlakçıların COVID 19 pandemiyası zamanı davranışları

11 mart 2020 ci ildə ÜST tərəfindən COVID-19 qlobal pandemiya elan edildi. Bu 2009 cu il H1N1 “Donuz qripi” pandemiyasından sonra ilk pandemiya elanı idi.

Bu virus hava damcı yolu ilə yayılır. Yoluxmuş şəxsin toxunduğu yerlərə toxunan insanlar virusa yoluxa bilərlər. Həmçinin yoluxan insanın öskürməsi və asqırması ilə də digər insanlarda yoluxma baş verə bilər. Əgər dezinfeksiya maddəsi ilə yuyulmayıbsa bu virus saatlarla səthdə qala bilir.

9 martda Avropa Qida Təhlükəsizliyi Agentliyi internet saytlarında bu virusun qida ilə yoluxma riskinin az olduğunu yayımlayıb. Agentlik bundan əvvəlki SARS və MERS viruslarında qida ilə yoluxmanın olmamasına əsasən belə qənaətə gəlib. BFR, Almaniya risk qiymətləndirilməsi üzrə federal agentliyinin verdiyi məlumata görə hələlik qida və ya hər hansı oyuncaq ilə insanların bu yeni virusla yoluxması halı baş verməmişdir. 7 aprel 2020 ci ildə ÜST hazırladığı hesabatda hava damcı yolu ilə yayılan bu virusların qida və ya qablaşdırma mal materialı ilə yoluxmasına dair heç bir sübut yoxdu kimi qeyd etmişdir. Beynəlxalq Quş əti konseyi (IPC): “Toyuq və digər ev quşları da daxil olmaqla hər hansı bir heyvan məhsulunda COVID 19 aşkarlanmamışdır. İstehlakçılar toyuq əti və digər qidaları tam təhlükəsiz istehlak edə bilərlər” açıqlamasını etmişdir. İnsanların səthdən yoluxması baş verə bilər, bu da yoluxmuş insanın həmin səthə dəyməsi və bundan bir müddət sonra (müddətin qısa olması lazımdır) başqa bir insanın o səthə dəyməsi ilə yoluxma ola bilər. Çünki bu virus ətraf mühit şərtlərinə qarşı dözümsüzdür.

Son araşdırmalara görə SARS, MERS və HCOV virusları metal, şüşə və plastik üzərində 9 günə kimi yaşaya bilir. 62-71 % etil, 0.5 % hidrogen peroksid və ya 0.1 % sodium hipoxlorid ilə 1 dəqiqə ərzində bu virusu məhv etmək olur. ÜST baş direktoru: “Bu virus nə SARS, nə MERS nə də qripdir. Bu özünəxas xüsusiyyətləri ilə seçilən fərqli virusdur.”

ABŞ höküməti tərəfindən maliyyələşən və Milli sağlamlıq institutu rəhbərliyi ilə aparılan, Princeton və Kaliforniya Universitetləri tərəfindən aşkar edilib ki, virus 3 saata kimi havada, 4 saata kimi misdə, 24 saata kimi kartonda, 2 və ya 3 günə kimi isə plastik və paslanmaz metal üzərində qala bilir.

Ölkəmizdə Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120N.li qərarında xüsusi karantin rejimi elan olunub. 31 mart-20 aprel tarixləri arasında ərzaq məhsullarının istehsalı, təchizatı, tədarükü və satışı xaric digər sahələrin fəaliyyəti dayandırılıb. Hal hazırda xüsusi karantin rejiminin uzadılması nəzərdə tutulur.

Şirkətdə Gigiyena Mədəniyyətini yoxlamaq və təkmilləşdirmək lazımdır:

Bununla bağlı AQTA-nın bir neçə metodiki göstərişləri vardır. Mən sadəcə o göstərişlərə bir neçə əlavə etmək və bəzi göstərişlərin isə açıqlamasını vermək istəyirəm.

  1. İşçilərə bu virusun necə yayıldığı və qarşısını necə almaq olar barədə məlumatlar verilməlidir.
  2. Top menecmentdən istehsalın siravi işçisinə kimi bütün şirkətdə şəxsi gigiyena qaydalarına riayəti inkişaf elətdirmək lazımdır. Əllərin sabun və ilıq su ilə yuyulması bu virusdan qorunmağın ən yaxşı yoludur. Əlləri yuduqdan sonra tam qurulayıb sonra dezinfeksiya etmək lazımdır. Dezinfeksiya vasitəsi kimi etil və ya izopropil spirti istifadə edilməlidir. Halallıq sertifikatları olan şirkətlər bu incəliyə fikir verməlidirlər. Antiseptik istifadəsi təkcə spirt istifadəsindən daha effektivdir. Hər bir şirkət özünə xas olaraq işçilərin yoluxma riskini qiymətləndirməlidir.
  3. Mövcud olan gigiyena siyasətinə yenidən baxmaq, təkmilləşdirmək lazımdır. Bu qaydalarla işçilər tanış edilməli və onlara praktiki öyrədilməlidir. İşçilərin yeməkxanası üçün xüsusi qaydalar hazırlanmalıdır. Yeməkxanada nahar edən işçilərin bir-birindən minimum 2 metr məsafəsi saxlanmalıdır.
  4. Təlim, təlim və yenə təlim. ÜST, CDC (Centers for disease control and prevention) və AQTA-da kifayət qədər metodiki göstərişlər var. Amma bu metodiki göstərişlərin sizin şirkətə düzgün tətbiqi önəmlidir.
  5. Gündəlik şəxsi gigiyena ilə bağlı görüşlər keçirilsin və praktiki məşğələ olunsun.
  6. Tibbi maska və əlcək istifadəsi bağlı AQTA və AQTİ metodiki göstərişlərində təlimatlar mövcuddur. Orda qeyd edilən səbəblər olmadan tibbi maska və əlcək 4 saatdan artıq istifadə olunmamalıdır. Qida sənayesində yalnız nitril əlcəklər istifadə edilə bilər. Əlcəklərin əldən çıxarılması barədə 6 qaydaya riayət edilməlidir.
  7. Qida təhlükəsizliyi və işçilərin təhlükəsizliyi birlikdə qorunmalıdır.
  8. İstehsal sahələrində havanın dezinfeksiyası mühümdür. Bunun üçün 0.5%.li perasetik asit məhlulundan istifadə etmək olar.
  9. İstehsal, anbar və marketlərdə qapıların əllə açılmaması üçün ya qapılar avtomatik olmalı ya da qapıların alt hissəsinə ayaqla qapını açmaq üçün tutacaq quraşdırılmalıdır. Bu da mümkün deyilsə əllərin yuyulmasını içəri girdikdən sonra təşkil etmək lazımdır.
  10. Marketlərdə açıq mal satışında gigiyenik qaydalara diqqəti artırmaq lazımdır. Müştərilər arasında minimum 2 metr məsafəni qorumaq üçün işarələr qoyulmalıdır.
  11. İşçilərin hər hansı birində virus aşkar olunsa bütün şəxsi heyət karantinə alınır və iş yeri yuyulub dezinfeksiya edilir. Bu riski aradan qaldırmaq üçün mütəxəssis işçilərin həftəlik iş qrafikinə keçirməklə 2 növbəli iş qrafikinə keçmək lazımdır.
  12. Metodiki göstərişlərdə kəskin respirator xəstəlik əlamətləri olan işçilərdən xəstəlik vərəqəsi tələb edilməməlidir göstərilib. Lakin reallıqda o işçilərdən xəstəlik vərəqəsi tələb edilməsə o işçi həkimə müraciət etməyəcək və evdə qalmaqla daha çox adamın yoluxmasına səbəb olacaq. Daha yaxşı olar ki, xəstəlik vərəqəsi və ya həkim rəyi tələb edilsin.
  13. İşçilərin daşınmasını özü edən şirkətlər nəqliyyat vasitəsinə minmədən işçilərin temperaturunu ölçməlidir. Nəqliyyat vasitəsinə minərkən əl dezinfeksiyaedici quraşdırılmalıdır.
  14. Temperaturun ölçülməsi təhlükəsiz məsafəni gözləmək üçün termal kameralar vasitəsilə edilməlidir.
  15. İstehlakçılar marketlərdən aldığı malları yumamalıdır. Su ilə yuma virusa qarşı təsir göstərmir. Nəm əski ilə silib sonradan dezinfeksiya məhlulu ilə dezinfeksiya etmək daha effektivdir.
  16. Yuxarıda da qeyd etdiyim kimi COVID19-un qidayla təmas yolu ilə yayıla biləcəyinə dair hələ heç bir sübut yoxdur.

Lakin hər zaman ehtiyyatlı olmalı, ərzaq təhlükəsizliyimiz üçün bu 5 qaydaya əməl etməliyik:

  • Təmizliyə riayət etməli
  • Çiy və bişmiş məhsulları ayrı saxlamalı
  • Bişməsinə nəzarət etməli
  • Ərzaq məhsullarını doğru temperaturda saxlamalı
  • Təmiz su və məhsullardan istifadə etməliyik

İstinadlar:

1. https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html
2. https://www.who.int/health-topics/coronavirus
3. www.FMI.org/Coronavirus
4. https://www.cdc.gov/handwashing/index.html
5.
https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public
6. NK qərarları
7. AQTA metodiki göstərişlər

Hazırladı:
Yusif Həkimov

“SƏBA” ASC, ət emalı sahəsinin müdiri, “İstehsalat gəlir mərkəzi” departament idarəetmə şurasının üzvü
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, "Qida təhlükəsizliyinin idarə edilməsi" üzrə işçi qrupunun üzvü

Tərəfdaşlar