Toyuq ətinin təhlükəsizliyi üçün 10 məsləhət
Çoxumuz toyuq ətinin çiy yeyilməməsini bilirik, amma bəzi qaydalar var ki, ondan xəbərsiz ola bilərik. Aşağıda toyuq ətinin təhlükəsizliyi ilə bağlı 10 məsləhəti diqqətinizə çatdırmaq istəyirəm:
1. Bişirmədən öncə toyuq ətini yumayın!
Çiy toyuq ətinin yuyulmasına ehtiyac yoxdu. Çiy toyuq ətinin yuyulması ətin üzərində ola biləcək bakteriyaların mətbəxdə olan qab-qacağın, əşyaların və digər hazır qidaların üzərinə sıçramasına səbəb olur. Müasir quş əti emalı sahələrində istehsal olunan toyuq ətləri mikrobioloji olaraq qoyulan normativlər daxilində bizim evlərə gəlib çatır. Üzərlərində mövcud ola biləcək hər hansı bakteriya yuyulma zamanı digər qeyd etdiyimiz yerləri də çirkləndirə bilər. Bu da çarpaz çirkləndirməyə səbəb olmaqla qida zəhərlənməsinə gətirib çıxarır.
2. Toyuq ətini tam bişirmək lazımdır!
Toyuq ətinin üzərində ola biləcək bakteriyaları yalnız bişirmə ilə məhv etmək olar. Buna görə də toyuq əti daxili temperaturu 750C-yə çatana qədər bişirmək lazımdır. Əgər termometr yoxdusa toyuq ətini çəngəl və ya bıçaq ilə dəldikdə ətin ən qalın yerində rəngi ağ rəngdə olmalıdır.
3. Toyuq ətini otaq temperaturunda əritməyin!
Heç vaxt bunu etməyin. Dondurulmuş toyuq ətinin donu mütləq 50C temperaturdan aşağı temperaturda, yəni soyuducuda və ya mikrodalğalı sobada açılmalıdır. Mikrodalğalı soba vaxt baxımından daha tezdi, amma diqqətli olmamaq ətin keyfiyyətinə təsir edir.
4. Toyuq ətinə toxunduqdan sonra mütləq əllərinizi, toyuğu doğradığınız taxta və ya plastiki, bıçağı yuyun!
Toyuq ətinə toxunduqdan sonra mütləq əllərinizi, bıçağı və ətin təmas etdiyi yerləri yuyun. Dezinfeksiya etmək də daha yaxşı olardı.
5. Soyuducuda çiy toyuq ətinin digər qidalarla təmas etməməsinə diqqət edin!
Çiy toyuq ətini soyuducuda həmişə ən alt qata qoyun. Bununla çarpaz çirklənmənin qarşısını almış olursuz.
6. Donu açılan toyuğu yenidən dondurmaq olar!
Bəli bu mümkündür. Adətən donu açıldıqdan sonra əti yenidən dondurmaq olmaz deyə eşidirik. Lakin qida təhlükəsizliyi ilə keyfiyyət məsələsini qarışıq salmaq olmaz. 50C-dən aşağı temperaturda donu açılan toyuq ətinin yenidən buz dolabına qoyulub dondurulmasında qida təhlükəsizliyi baxımından problem yoxdu. Lakin bu ətin dadında və formasında pisləşməyə səbəb ola bilər.
7. Alış veriş edərkən toyuq ətini axıra saxlayın!
Bəzən alış verişlər 2 saata yaxın uzana bilir. Ona görə də xüsusilə yay aylarında alacağınız toyuq ətini ən sona saxlayın.
8. Əsasən qablaşdırılmış toyuq əti məhsullarının alınmasına üstünlük verin!
Qablaşdırılmış məhsullar həm gigiyenik həm də dələduzluq baxımından daha güvənilir olur. Açıq məhsulların istehsal tarixi dəqiq bilinmir. Həmçinin istehsalçı şirkət tam olaraq bilinmir, yəni işbazlar istənilən şirkət adından istifadə edib satış edə bilərlər. Qablaşdırılmış mal daha gigiyenik olur, yəni əllə toxunulub çarpaz çirklənmə riski olmur.
9. Böyük çəkili toyuq almağa üstünlük verin!
Kiçik çəkili toyuqlarda xəstə olma riski daha çox olur. Həmçinin toyuq əti tam formalaşmır. Dad baxımından da böyük çəkili toyuq əti daha dadlı olur. Digər tərəfdən kiçik çəkili toyuq ətində antibiotiklərin qalma riski daha çoxdur.
10. Alacağınız məhsulun müvafiq sertifikatlarının olmasına önəm göstərin!
Toyuq əti aldığınız şirkətin mütləq müvafiq sertifikatlarının olmasına önəm verin. ISO 22000 (qida təhlükəsizliyi) sertifikatının olması şirkətdə HACCP prinsiplərinin tətbiqindən xəbər verir. Digər önəm verəcəyiniz sertifikat isə “Halal və Tayyib” sertifikatın olmasıdır.
İstifadə olunan mənbələr:
1. Dr.Vivien Kite (Executive Director at The Australian Chicken Meat Federation) thepoultrysite.com saytında yayımlanan məqalə
2. USDA “Chicken from farm to table”
3. ГОСТ 31962-2013
Hazırladı:
Yusif Həkimov
“SƏBA” ASC, ət emalı sahəsinin müdiri, “İstehsalat gəlir mərkəzi” departament idarəetmə şurasının üzvü
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, "Qida təhlükəsizliyinin idarə edilməsi" üzrə işçi qrupunun üzvü